İQTİSADİYYAT
Ötən il maliyyə axını 9,5 faiz artıb
![Ötən il maliyyə axını 9,5 faiz artıb](/files/2023/1/1200x630/1673360197971616330_1200x630.jpg)
Bakı, 10 yanvar, AZƏRTAC
2022-ci il ərzində maliyyə axınlarının həcmi 26,4 milyard manat təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 9,5 faiz çoxdur.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, ötən il də ümumi ödəniş daxilolmalarında ən yüksək paya malik iqtisadi fəaliyyət sahələri dövlət idarəetməsi və müdafiə, sosial təminat (21,3 faiz), tikinti (19,8 faiz) və ticarət, nəqliyyat vasitələrinin təmiri (15,8 faiz) olub. Daxilolmalarda ötən ilin müvafiq dövrünə nəzərən artıma ən yüksək töhfə verən iqtisadi fəaliyyət sahələri isə tikinti (1 milyard 979 milyon manat artım) və ticarət, nəqliyyat vasitələrinin təmiri (1 milyard 418 milyon manat artım) sahələri olub. Bütövlükdə, rüb ərzində maliyyə axınları üzrə ötən ilin eyni dövrünə nəzərən yeddi iqtisadi fəaliyyət sahəsində azalma, digərlərində isə artım qeydə alınıb.
Ən çox artım daşınmaz əmlak (2,1 dəfə), tikinti (61 faiz) və ticarət, nəqliyyat vasitələrinin təmiri (52 faiz), ən çox azalma isə elektrik enerjisi, qaz, buxar təchizatı (-34 faiz), maliyyə və sığorta fəaliyyəti (-28 faiz) və digər sahələrdə xidmətlər (-26 faiz) sektorlarında qeydə alınıb.