ÖZBƏKİSTAN QƏZETLƏRİ: AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BU ÖLKƏYƏ RƏSMİ SƏFƏRİ HAQQINDA
Daşkənddə rus dilində çap edilən “Pravda Vostoka” qəzeti yazır: - Özbəkistan və Azərbaycan xalqlarının tarixində və mədəniyyətində ümumi cəhətlər çoxdur. Dövlətlərimiz müstəqillik əldə etdikdən sonra 1995-ci ildə Özbəkistan və Azərbaycan arasında diplomatik münasibətlər yaranmış, hər iki ölkənin siyasi maraqlarında da ümumi cəhətlər meydana çıxmışdır.
1996-cı ilin may ayında Özbəkistan Prezidenti İslam Kərimovun Bakıya, 1997-ci ilin uyun ayında Azərbaycan Prezidenti Heydər Əliyevin Daşkəndə rəsmi səfərləri, danışıqların yekunu olaraq imzalanan sənədlər ölkələrimiz arasında əməkdaşlığın möhkəm təməlini qoymuşdur.
Özbək dilində çap olunan “Xalq süzi” qəzeti qeyd edir ki, həm Özbəkistan, həm də Azərbaycan beynəlxalq aləmdə layiqli yer tutmağa, demokratik prinsiplərə əsaslanan cəmiyyət qurmağa, regional təhlükəsizliyə nail olmağa çalışır, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişafına eyni dərəcədə maraq göstərir, bu da qarşılıqlı fəaliyyətin genişlənməsinə səbəb olan mühüm amillərdir.
Bakı və Daşkənd beynəlxalq təşkilatlar çərçivəsində də məhsuldar əməkdaşlıq edirlər. Bir çox beynəlxalq və regional problemlərdə onların mövqeyi üst-üstə düşür.
“Delovoy Partnyor Üzbekistana” qəzeti yazır ki, hər iki tərəf göndərilən malların çeşidini və həcmini artırmağa hazırdır. Özbəkistan-Azərbaycan birgə hökumətlərarası Komissiyası ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın güclənməsində böyük rol oynayır.
“Taşkentskaya pravda” qəzeti isə bunları yazır: - Mədəniyyət, elm, təhsil sahəsində də münasibətlər genişlənir. Bu günlərdə N.Gəncəvi adına Daşkənd Pedaqoji Universitetinin qarşısında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin açılışı olacaq.
Beynəlxalq terrorizm, regional ekstemizm və narkobizneslə mübarizədə əməkdaşlıq ölkələrimizin gələcəyi üçün mühüm amildir. Özbəkistan və Azərbaycan prezidentlərinin görüşündə bu mövzu müzakirəyə çıxarılacaq. Şübhə yoxdur ki, Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana rəsmi səfəri bir çox sahələrdə əməkdaşlığın inkişafına güclü təkan verəcək.