Özbəkistanın “Ziyouz.uz” portalı Laçının işğalı ilə əlaqədar material dərc edib
Daşkənd, 19 may, AZƏRTAC
Azərbaycanın Özbəkistandakı səfirliyinin, bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənddəki “Ziyouz.uz” portalı Laçının işğalı ilə əlaqədar material verib.
Məqalədə deyilir ki, bu il mayın 18-də Laçının Ermənistan tərəfdən işğalının 24 ili tamam olur. Bildirilir ki, Laçın rayonu işğal edilərkən orada 121 kənd, əhalinin sayı isə 63 min 341 nəfər olub. İşğal vaxtı 300-dən artıq hərbçi və dinc əhali qətlə yetirilib.
Materialda deyilir ki, Laçın rayonunun ərazisi 1835 kvadratkilometr olub, oradakı tarixi və mədəniyyət abidələri məhv edilib.
Yazıda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da məlumat verilir. Qeyd edilir ki, Ermənistan Dağlıq Qarabağdan əlavə daha yeddi rayonu işğal edib, bu da ərazilərimizin 20 faizinin düşmən tapdağında olması deməkdir.
Məqalədə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad etməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin qəbul etdiyi haqqında da danışılır. Vurğulanır ki, bu qətnamələrin qəbul olunmasından illər ötsə də, Ermənistan bu sənədləri saya salmır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd