PAKİSTAN DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİNDƏ AZƏRBAYCANIN ƏDALƏTLİ MÖVQEYİNİ HƏMİŞƏ DƏSTƏKLƏYƏCƏKDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, parlamentin aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov ölkələrimiz arasında mehriban dostluq əlaqələrindən danışmış, 1996-cı ildə Prezident Heydər Əliyevin Pakistana rəsmi səfərinin və onun gedişində imzalanmış sənədlərin əməkdaşlığımızın inkişafında mühüm rol oynadığını bildirmişdir. Pakistanın bir çox məsələlərdə, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində rəsmi Bakının mövqeyini müdafiə etməsinin Azərbaycan ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyi, parlamentlərarası əlaqələrin inkişafının vacibliyi vurğulanmışdır. Səfir Məhəmməd Hafiz öz ölkəsinin Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduğunu söyləyərək demişdir ki, biz iqtisadi-ticarət əlaqələrimizin siyasi münasibətlər səviyyəsinə çatdırılmasını istəyirik. Parlamentlərarası əlaqələrin inkişafı üçün qarşılıqlı səfərlərin təşkili vacibdir və bu barədə rəsmi İslamabada məruzə olunacaqdır. Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələdə Pakistanın mövqeyi dəyişməyəcək və rəsmi İslamabad Azərbaycanın haqq işini müdafiə edəcəkdir.
Sonra qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Görüşdə Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərov və parlamentin deputatları iştirak etmişlər.