Pakistanın “Daily İttehad” qəzetində Xocalı soyqırımı ilə bağlı məqalə dərc olunmuşdur
Bakı, 25 fevral (AZƏRTAC). Pakistanın geniş oxucu kütləsinə malik, urdu və ingilis dillərində nəşr olunan “Daily İttehad” qəzetinin baş səhifəsi bütünlüklə Xocalı faciəsinin 20-ci ildönümünə həsr edilmişdir.
Azərbaycanın Pakistandakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, qəzetdə Xocalı faciəsinin dəhşətlərindən bəhs edən “Xocalı soyqırımı 20 il - erməni vəhşiliyinin zirvəsi” sərlövhəli yazı və bu qətliamı ətraflı təsvir edən şəkillər yer almışdır.
Yazıda ermənilərin Azərbaycanın tarixi torpaqlarında Ermənistan dövlətini yaratmalarından, ölkəmizə qarşı qaldırdıqları torpaq iddialarından və apardıqları etnik təmizləmə siyasətindən geniş söhbət açılmışdır. Bildirilmişdir ki, Ermənistanın ölkəmizə hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonumuz zəbt edilmiş, 1 milyon soydaşımız ata-baba yurdundan didərgin düşmüş, 20 min insan qətlə yetirilmişdir.
Vurğulanmışdır ki, 1992-ci il fevralın 26-da ermənilər 366-cı motoatıcı alayın dəstəyi ilə Xocalı şəhərini zəbt etmiş və dinc əhaliyə divan tutmuşlar. Yazıda mülkü əhaliyə qarşı törədilmiş soyqırımının təfərrüatları, o cümlədən uşaqların, qadınların, ahılların misli görünməmiş amansızlıqla qətlə yetirilmələri barədə məlumat verilmiş, ermənilərin bu soyqırımını məqsədyönlü şəkildə etdikləri ön plana çəkilmişdir. Qeyd edilmişdir ki, Ermənistanın indiki prezidenti və müdafiə naziri bu qırğının fəal iştirakçısıdırlar.
Yazıda 20 il əvvəl baş vermiş hadisə barədə xarici mətbuatda dərc olunmuş məqalələrdən də sitatlar gətirilmişdir. Məqalədə, həmçinin Pakistanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birmənalı mövqeyindən, Ermənistanı bir dövlət kimi tanımadığından, Pakistan Senatının Xocalı soyqırımını tanıyan qətnaməsindən bəhs edilmişdir.