Pakistanlı ekspert: Azərbaycanın yenidənqurma təcrübəsi Pakistan üçün nümunədir
Bakı, 2 dekabr, AZƏRTAC
2025-ci ilin oktyabrında Xankəndidə başlayıb möhtəşəm Bakı şəhərində yekunlaşan 3-cü Azərbaycan Milli Şəhərsalma Forumu (NUFA3) qlobal əhəmiyyət daşıyan bir tədbirdir. Xüsusilə ona görə ki, bu Forum Azərbaycanın 2026-cı ildə ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumu (WUF13) üçün hazırlıq mərhələsi rolunu oynayıb. “İqlimə davamlı və sağlam şəhərlər naminə: regional tərəfdaşlıqların və innovativ həllərin səfərbər edilməsi” mövzusu Pakistan kimi sürətlə urbanizasiya olunan ölkələrin qarşılaşdığı ən ciddi problemləri birbaşa əhatə edir.
Bunu AZƏRTAC-a açıqlamasında Pakistan Gənclər Hərəkatının lideri Qeysər Nəvvab söyləyib.
O bildirib ki, Pakistanın bu Forumdakı iştirakı yüksək səviyyədə fokuslanmış, strateji xarakterli və milli prioritetlərini əks etdirən şəkildə olacaq. Bu iştirak həm Azərbaycanın nümunəvi yenidənqurma təcrübələrindən öyrənməyə, həm də davamlılıq və strateji inkişaf sahəsində Pakistanın unikallığını təqdim etməyə yönələcək.
Qeysər Nəvvab qeyd edib ki, NUFA3-ün əsas mövzularından biri azad olunmuş Qarabağ və Şərqi Zəngəzur torpaqlarının münaqişədən sonra yenidən qurulması kontekstində dayanıqlı bərpa olub. Biz Azərbaycanın genişmiqyaslı bərpaolunan enerji infrastrukturunun və qabaqcıl texnologiyanın regional baş plana necə inteqrasiya etdiyini öyrənməkdə maraqlıyıq. Xüsusilə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının davamlılıq, rəqəmsal idarəetmə və ekoloji harmoniyaya əsaslanan tətbiqi Pakistan üçün qiymətsiz modeldir. Digər tərəfdən, Pakistan təbii fəlakətlər, xüsusilə dağıdıcı daşqınlar və zəlzələlər fonunda dayanıqlılığın idarə edilməsində geniş təcrübəyə malikdir. Milli Fəlakətlərin İdarə Olunması Təşkilatı (NDMA) və şəhər inkişaf qurumlarımız operativ mənzil təminatı, fəlakətədavamlı infrastruktur standartları və icma-əsaslı bərpa modelləri üzrə biliklərini bölüşə bilərlər.
Gənclər Hərəkatının lideri bildirib ki, pakistanlı texniki ekspertlər Ümumdünya Şəhərsalma Forumu çərçivəsində urbanizasiya mühitində iqlimə adaptasiya mövzusunda keçirilən müzakirələrdə iştirak edəcəklər. Onların fəaliyyəti xüsusilə BRISD-in (Kəmər və Yol Təşəbbüsü üzrə Davamlı İnkişaf) elmi diplomatiyanı siyasətə inteqrasiya etmək missiyasına uyğun olaraq süni intellektlə idarə olunan şəhər monitorinqi və iqlim risklərinin proqnozlaşdırılması texnologiyalarının öyrənilməsinə yönələcək. Müzakirələrin əsas mövzularından biri iqlim maliyyəsi olacaq. Pakistanlı nümayəndələr ECO çərçivəsi də daxil olmaqla regional tərəfdaşlıqlar vasitəsilə yaşıl infrastruktur və şəhər regenerasiyası layihələri üçün maliyyə cəlbetmə mexanizmlərinin müəyyənləşdirilməsinə diqqət yetirəcəklər. Bu prosesdə Azərbaycanın uğurlu maliyyə səfərbərliyi təcrübəsindən də geniş şəkildə faydalanmağı planlaşdırırlar.
“Pakistan Bakı 2026 – Ümumdünya Şəhərsalma Forumunu gələcək inkişaf üçün mühüm bir “emalatxana” kimi görür. Məqsədimiz müzakirələrə dəyərli töhfələr vermək, öz təcrübəmizi bölüşmək və ən əsası, şəhərlərimizin daha dayanıqlı, davamlı və qlobal çağırışlara hazırlıqlı olması üçün praktiki tərəfdaşlıqlar qurmaqdır. Şübhəsiz ki, bu Forumun uğurlu keçirilməsi həm WUF13-ün yüksək səviyyəsinə töhfə verəcək, həm də Pakistan–Azərbaycan dostluğunu gələcək onilliklərdə daha da möhkəmləndirəcək”, – deyə Qeysər Nəvvab əlavə edib.