PARİSDƏ ÖLKƏMİZDƏN BƏHS EDƏN KITABIN TƏQDİMATI KEÇİRİLMİŞDİR
Mərasimi açan jurnalist Jan-Klod Bure SSRİ-nin süqutundan sonra keçmiş respublikaların müstəqillik əldə etdiklərini və suveren dövlət olduqlarını xatırlatmış, demokratik quruluşa və iqtisadi inkişafa görə Azərbaycanın MDB ölkələri arasında öndə getdiyini xüsusi vurğulamış, təbii sərvətlərlə zəngin olan Azərbaycana Qərbin marağının artmasından, beynəlxalq aləmdə nüfuzunun yüksəlməsindən, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin əhəmiyyətindən danışmış, beynəlxalq ictimaiyyətin Azərbaycanı tanıması baxımından əsərin mühüm əhəmiyyətini vurğulamışdır.
Müəllif Ədnan Ağayev kitabı yazmaqda məqsədini açıqlayaraq bildirmişdir ki, Qərb ölkələrində ictimaiyyətin Azərbaycanla bağlı real həqiqətlər barədə bəsit təsəvvürü vardır. O, Ermənistanın ölkəmiz barədə böhtanlarını alt-üst etmək, fransız oxucularına, dünya ictimaiyyətinə Azərbaycan həqiqətlərini çatdırmaq istədiyini bildirmiş, kitabda toxunulmuş məsələlər barədə qısa məlumat vermişdir.
Kitabda Azərbaycanın tarixi, coğrafi quruluşu, ərazisi, əhalisi, etnik qruplar, dili, ayrı-ayrı bölgələr barədə qısa məlumat verilmiş, neft sənayesinin təşəkkülündən danışılmış, sərvətlərlə zəngin ölkəmizin başına tarixən gətirilmiş bəlalardan söhbət açılmış, Xocalı faciəsi barədə oxuculara ətraflı məlumat verilmişdir.
170 səhifəlik kitabda ölkəmizin ictimai, siyasi, iqtisadi və mədəni həyatı barədə yazılar dərc edilmişdir.
Kitab Qərb dünyasında ölkəmizi tanıtmaq və onun barədə həqiqətləri öyrənmək baxımından çox dəyərli vəsaitdir.