SİYASƏT
Paşinyanın provokativ açıqlamaları yeni təxribatların, insidentlərin olacağını göstərirdi – Siyasi ekspert
Bakı, 12 aprel, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Laçın rayonu istiqamətində törədilən təxribat nəticəsində yaranmış gərginlik bir daha Ermənistan tərəfinin əsl simasını sərgiləmiş oldu.
Bu barədə AZƏRTAC-a açıqlama verən siyasi ekspert Vüsalə Hüseynli bildirib ki, son vaxtlar rəsmi Yerevanın yürütdüyü siyasi kurs, Paşinyanın provokativ açıqlamaları yeni təxribatların, insidentlərin olacağını göstərirdi. Paşinyan hakimiyyəti insidentlərin yaşanmasında maraqlıdır. Çünki hər bir insident tərəfləri sülh danışığı prosesindən bir qədər də uzaqlaşdırır və onu ləngidir. Bu isə onu göstərir ki, rəsmi İrəvan Azərbaycanın sülh çağırışlarına o qədər də meyilli deyil. Belə olmasaydı, Azərbaycan tərəfindən bu günədək təklif olunan sülh çağırışları Paşinyan hakimiyyəti tərəfindən bloklanmaz və ölkəmizə qarşı ittihamlar səsləndirilməzdi.
Siyasi ekspert diqqətə çatdırıb ki, Avropa İttifaqının missiyasının Ermənistanda xidmətə başlamasından cəsarətlənən Ermənistan rəhbərliyi həqiqətə uyğun olmayan iddialı bəyanatlarla çıxış etməyə başlayıb. O, hesab edir ki, fransız hərbçilərin Ermənistanda olması Paşinyan hökumətinə öz iddialarını gerçəkləşdirməyə şərait yaradacaq. Ancaq yanılırlar. Ermənistan və onun havadarları unutmasınlar ki, rəsmi Paris əvvəla öz problemlərini həll etsə, daha yaxşı olar. Onlar, həmçinin unudurlar ki, bugünkü Azərbaycan 30 il əvvəlki ölkə deyil. Ermənistan Azərbaycanın hüquqi-suveren ərazilərinə bir daha heç zaman zor gücünə girə bilməz.