“Pasiyentin hüquqları haqqında” yeni qanun layihəsi hazırlanmışdır
Bakı, 25 aprel (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, “Pasiyentin hüquqları haqqında” yeni qanun layihəsi hazırlanmışdır. Layihə Milli Məclisin sosial siyasət komitəsinin aprelin 25-də keçirilmiş iclasında müzakirə olunmuşdur.
Komitənin sədri Hadi Rəcəbli demişdir ki, bu qanun pasiyentin hüquqlarının təminatı və qorunmasının, sağlamlığına vurulmuş ziyanın müəyyənləşdirilməsinin hüquqi əsaslarını və bu sahədə yaranan münasibətləri tənzimləyəcəkdir. Dörd fəsil, 32 maddədən ibarət olan qanun layihəsi hazırlanarkən bu sahədəki dünya təcrübəsi yaxından öyrənilmişdir.
H.Rəcəbli demişdir ki, ölkəmizdə səhiyyənin inkişafı, son 8 ildə dövlət büdcəsindən bu sahəyə ayrılan maliyyə vəsaitinin 10 dəfə artırılması, səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, beynəlxalq qurumlarla əməkdaşlığın genişləndirilməsi belə bir qanunun qəbulunu zəruri etmişdir. Layihədə pasiyentin tibbi yardım almaq, yaşamaq, həyat və sağlamlığının təhlükəsizliyinin təminatı, ona qarşı ayrı-seçkiliyin qadağan edilməsi, tibbi müdaxilə zamanı ruhi və fiziki tamlığın qorunması, tibbi məlumat almaq, sağlamlığına vurulmuş zərərin ödənilməsi hüquqları, tibbi müdaxiləyə razılığın verilməsi qaydası, tibbi müdaxilədən imtina, tibbi ekspertiza, şikayət etmək, pasiyentlərin vəzifələri, qanunun pozulmasına görə məsuliyyət və digər məsələlər əksini tapmışdır.
Layihə üzərində əlaqədar qurumlarla birgə işçi qaydada müvafiq məsləhətləşmələr aparıldıqdan sonra sənəd yenidən komitədə müzakirə olunacaqdır.
İclasda “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqların sosial müdafiəsi haqqında” Qanuna yeni əlavənin olunması məsələsinə də baxılmışdır.
Qeyd edilmişdir ki, həmin əlavədə respublikanın ali və orta ixtisas təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqların təhsil haqlarının dövlət büdcəsindən ödənilməsi məsələsi öz əksini tapmışdır. Hazırda belə bir güzəşt qaçqın və məcburi köçkün, 1 və 2-ci qrup əlil uşaqlara şamil olunur. Bildirilmişdir ki, bu dövlətin uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atdığı növbəti addım olacaqdır.
Layihə üzərində müəyyən iş aparıldıqdan sonra sənəd parlamentin müzakirəsinə çıxarılacaqdır.
İclasda “Əhalinin sağlamlığının qorunması haqqında” qanunun təkmilləşdirilməsi ilə bağlı işçi qaydasında növbəti dinləmələr də keçirilmişdir. Ərzaq məhsullarının zənginləşdirilməsi sahəsində dünya təcrübəsi müzakirə olunmuş, qanunvericiliyə hazırlanan tövsiyələr nəzərdə keçirilmişdir. Dinləmələr davam etdiriləcəkdir.