Paytaxtda “Yeni şəhər iqtisadiyyatı” üçün 2800 hektar ərazinin inkişaf etdirilməsi tələb olunur
Bakı, 9 oktyabr, AZƏRTAC
Paytaxtda “Yeni şəhər iqtisadiyyatı” üçün 2800 hektar ərazinin inkişaf etdirilməsi tələb olunur.
AZƏRTAC xəbər verir ki, bu barədə ictimaiyyətə təqdim olunan Bakı şəhərinin Baş planının layihəsində deyilir.
Bildirilir ki, ərazilərdən səmərəli istifadə üzrə tələbatlara dair göstəricilər iqtisadi inkişaf və məşğulluq üzrə proqnozlara əsaslanır.
Şəhərin tarazlı inkişafına nail olmaq və bazar iqtisadiyyatının artan tələblərini qarşılamaq üçün “Yeni şəhər iqtisadiyyatı” üçün ümumilikdə təxminən 2800 hektar ərazinin inkişaf etdirilməsi və ya mövcud təyinatının dəyişdirilməsi tələb olunur. Bakı şəhərinin Baş planı çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrinin 2040-cı ilə qədər olan dövr ərzində nəzərdə tutulan inkişafı üçün tələb edilən ərazilərin istifadə təyinatına görə bölgüsü aşağıdakılardan ibarətdir:

Mərkəzi planlaşdırma rayonu
“Şəhər mərkəzi” dedikdə əhalinin bütün təbəqələrinin təsbit edilmiş ehtiyac və tələbatlarının ödənə biləcəyi sosial-funksional, inzibati, ictimai-mədəni təyinatlı təsisatların toplandığı məkan nəzərdə tutulur.
Mərkəzin yeri və ölçüləri onun tarixiliyi, coğrafi mövqeyi, planlaşdırma quruluşunun əlverişliliyi, nəqliyyat, mühəndis-infrastruktur təminatlarının ödənilməsi, əlçatanlıq, minimal əhatə dairəsi radiuslarında maksimal funksiyaların yerləşməsi ilə müəyyən olunur.
Mərkəzi planlaşdırma rayonu (1031,4 hektar) - şəhərin polisentrik inkişafı yanaşmasının tətbiqi zamanı, ilk növbədə, dayanıqlılığın təmin edilməsi üçün nəzərdə tutulan mərkəzlərin iyerarxiyasında mütləq vacib olan elementdir.
Xüsusi mühafizə ərazisi (425 hektar) - tarixən formalaşmış planlaşdırma quruluşu olan, memarlıq və tarixi abidələrin, tarixi-memorial məkanların sıx yerləşdiyi, həmçinin əhali tərəfindən istirahət, əyləncə və xidmət məkanı olaraq daha çox istifadə edilən ərazidir. Xüsusi mühafizə ərazisi Mərkəzi planlaşdırma rayonunun nüvəsini təşkil edən vacib planlaşdırma elementidir.