Peşə məktəblərinin rəhbərləri Türkiyəyə təlim-təcrübə səfəri çərçivəsində bir neçə liseydə olublar
Bakı, 14 oktyabr, AZƏRTAC
Seçilmiş peşə məktəblərinin rəhbər şəxslərinin Türkiyəyə təlim-təcrübə səfəri davam edir. Onlar səfərin onuncu günündə bir neçə peşə liseyində olublar.
Bu barədə AZƏRTAC-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Atalar Peşə və Texniki Anadolu Liseyində keçirilən görüşdə təhsil müəssisəsinin direktoru Tamer Kamer Türkiyədə mövcud peşə təhsili pilləsində tətbiq edilən usta yanında şagirdlik məsələsindən danışıb. Daha sonra liseydə tədris edilən əsas istiqamətlərlə, o cümlədən elektrik texnologiyası, mebel, nəqliyyat vasitələrinin texnologiyasına dair istehsalat təlim otaqları və emalatxanalarla tanışlıq olub.
Peşə İxtisas İnstitutunun nümayəndəsi Abdussəməd Özcan təlim iştirakçılarına qurumun fəaliyyəti və görülən işlər barədə məlumat verib. Texniki Sertifikatlaşdırmanın baş meneceri Cəmil Ağdərə səriştəsi olan ustaların serifikatlaşdırma mərhələsi, onların qiymətləndirilməsi, imtahanların keçirilməsi prosesi barədə mühazirə deyib.
Təlim gününün ikinci yarısında iştirakçılar şəhid Hüseyn Ağırman Peşə və Texniki Anadolu Liseyində olublar. Burada təhsil müəssisəsinin direktoru Məhmət Faidəci ilə birlikdə elektronika, maşın, metal, dizayn texnologiyaları sahələrində istehsalat otaqlarına və emalatxanalara baş çəkilib.
Maltəpə Kiçikyalı Peşə və Texniki Anadolu Liseyində təhsil müəssisəsinin direktoru Fatma Yetik tədris olunan ixtisaslardan bəhs edib.
Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair protokol” çərçivəsində həyata keçirilən səfərin əsas məqsədi peşə təhsili müəssisələrinin idarəedilməsində Türkiyədə tətbiq edilən qabaqcıl təcrübənin öyrənilməsindən ibarətdir. Bakı və müxtəlif regionları təmsil edən peşə məktəblərinin 15 rəhbər şəxsi 2 həftə ərzində müxtəlif istiqamətlər üzrə təlimlərə qatılır, eyni zamanda sahəvi peşə təhsili müəssisələrində fəaliyyətin təşkili təcrübəsindən faydalanır.
Təlim-təcrübə səfərinin oktyabrın 17-dək davam etməsi nəzərdə tutulur.