Peşə təhsili alan tələbələr üçün “Əsas həyat bacarıqları” təlim kursu keçiriləcək
Bakı, 15 oktyabr, AZƏRTAC
Peşə təhsili alan tələbələr üçün “Əsas həyat bacarıqları” təlim kursu keçiriləcək.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, BMT Uşaq Fondu (UNICEF) beynəlxalq ekspertlərin köməyi ilə “Əsas həyat bacarıqları” üzrə təlim kursu hazırlanıb. Peşə məktəblərində təhsil alan tələbələrin əsas həyat bacarıqlarına yiyələnmələri üçün “Şəxsi inkişaf və karyera planlaşdırması” baza moduluna dəyişikliklər edilərək təhsil proqramlarına əlavə edilib.
Seçilmiş peşə məktəblərinin müəllimləri üçün onlayn şəkildə “Şəxsi inkişaf və karyera planlaşdırması” baza modulunun tədrisi ilə bağlı 3 günlük təlimlər keçiriləcək və bundan sonra həmin müəllimlər ilin sonunadək öz tələbələrinə bütün ixtisaslar üzrə “Əsas həyat bacarıqları”nı tədris edəcəklər.
“Əsas həyat bacarıqları” təlim kursu aşağıda qeyd olunan mövzuları əhatə edir:
-Özünü tanıma - stresin idarə olunması, emosional tənzimləmə, müsbət düşünmə, özünüqiymətləndirmə;
-Şəxslərarası bacarıqlar - empatiya, dinləmə bacarıqları, şəxslərarası effektivlik, mübahisələri həlletmə, münasibətlərin idarə edilməsi, inamlı ünsiyyət;
-Düşünmə bacarıqları - məqsədi müəyyənləşdirmə, qərar qəbuletmə, problem həlletmə, tənqidi və yaradıcı düşünmə, icraetmə bacarıqları, davamlılıq (çətin şəraitə uyğunlaşma);
Həmin modul dərslik bütün peşə təhsil müəssisələrində tədris olunacaq.