Planla və əzmlə aparılan quruculuq işləri
Bakı, 13 yanvar, AZƏRTAC
Prezident İlham Əliyevin yerli televiziya kanallarının nümayəndələrinin suallarına mahiyyətcə dərin, məzmunca geniş, məqsədlərinə görə strateji hədəfləri müəyyənləşdirən cavabları tarixi əhəmiyyət daşımaqla bərabər, bir daha göstərir ki, işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, yenidən qurulması və bərpasından ötrü dövlətimizin aydın, konkret planları vardır. Hər şey bilavasitə ölkə rəhbərinin ciddi nəzarəti altında və ardıcıl şəkildə icra olunur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib.
Professorun fikrincə, işğaldan azad edilmiş ərazilərdə görülən bərpa və quruculuq işləri böyük uğurdur. Müharibənin başa çatmasından ötən təxminən iki il ərzində Şuşa, Ağdam, Zəngilan və Füzulidə yaşayış binalarının tikintisinin aparılması, Ağalı kəndinin inşası və sakinlərinin qayıdışı, bir neçə yaşayış məntəqəsinin təməlinin qoyulması, Füzuli və Zəngilan hava limanlarının istifadəyə verilməsi, Laçında kəndlərin bərpası, dağların başında çətin relyef şəraitində hava limanının tikintisinin davam etdirilməsi, su elektrik stansiyalarının istifadə verilməsi, avtomobil və dəmir yollarının tikintisi bu uğurlara daxildir. Bir zamanlar bu işlər yalnız xəyal edilə bilərdi. Bütün bu fəaliyyətlərin həm eyni vaxtda, həm dünyada mürəkkəb proseslərin getdiyi və iqtisadi böhranın dərinləşdiyi, həm də heç bir xarici yardımlar olmadan görülməsi dövlətimizin qüdrətinin təzahürlərindən biridir. Quruculuq işlərinin aparıldığı yaşayış yerlərində məktəblərin, tibb məntəqələrinin açılması, sənaye parklarının, xəstəxanaların, idman komplekslərinin tikintisi dövlətimizin keçmiş məcburi köçkünlərin təhsilinə, elminə və sağlamlığına verdiyi diqqəti göstərir. Bir daha məlum olur ki, dövlətimiz üçün vətəndaşın sağlamlığı, rifahı və təhlükəsizliyi hər şeydən öndə gəlir. Bu, eyni zamanda, dünya mədəniyyətinə böyük töhfələr vermiş millətimizin mədəniyyətinin yenidən torpaqlarımıza qayıtması, canlanması və inkişafı deməkdir. Bütün bu işlər bir daha əyani şəkildə təsdiq edir ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət millətimizin bu gününü, uğurlu sabahını təmin edir və alternativi yoxdur.