POLİS AKADEMİYASINDA MART SOYQIRIMINA HƏSR EDİLMİŞ TƏDBİRLƏR KEÇİRİLMİŞDİR
Bakı, 31 mart (AZƏRTAC). Polis Akademiyasında Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş bir sıra tədbirlər keçirilmişdir.
Tədbirlərdə ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanının tarixi və siyasi əhəmiyyəti barədə ətraflı məlumat verilmiş, akademiyanın ümumi kitabxanasında və kurslarda erməni millətçilərinin Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərini əks etdirən fotostendlər yerləşdirilmiş, divar qəzetlərində müvafiq materiallar dərc olunmuşdur.
Tədbirlərdən əvvəl qonaqlar və akademiyanın zabit-müdavim heyəti ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər və əklil qoymuş, abidənin qarşısında fotoşəkillər çəkdirmiş, “Heydər Əliyev irsinin öyrənilməsi üzrə ideoloji mərkəz”lə tanış olmuşlar.
Akademiyaya dəvət olunmuş Azərbaycan Dillər Universitetinin professorları Məhəmməd Teymurlunun və Əsgər Zeynalovun, həmçinin Bakı Dövlət Universitetinin professorları Əmir Əliyevin və Rüstəm Məmmədovun şəxsi heyətlə görüşləri təşkil edilmişdir.
Soyqırımı qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edən akademiyanın rəisi, polis general-mayoru Ramiz Nağıyev 1918-ci ildə və sonrakı dövrlərdə erməni daşnakları tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş vəhşiliklər, soyqırımının tarixi kökləri barədə danışmış, bu gün də Azərbaycan üçün ciddi təhlükə olan faciəli proseslərin qarşısının alınması üçün hər bir azərbaycanlının, xüsusilə də polis əməkdaşının fəal vətənpərvər mövqeyi nümayiş etdirməsinin zəruriliyini vurğulamışdır.
Qonaqlar ötən əsrdə soydaşlarımızın başına gətirilən qanlı hadisələrlə bağlı şəxsi heyəti ətraflı məlumatlandırmış, onları maraqlandıran sualları cavablandırmışlar.
Tədbirin sonunda sənədli videofilm göstərilmişdir.
######
