Politoloq: Avropa İttifaqının missiyası sülhə yox, qarşıdurmaya və təxribata yönəlik fəaliyyətə üstünlük verir
Bakı, 17 avqust, AZƏRTAC
Ermənistanda fəaliyyət göstərən Avropa İttifaqı (Aİ) mülki missiyası hələ bölgəyə gəlməmişdən öncə ermənilərin tərəfindən çıxış edəcəyini mətnaltı olaraq bəyan etmişdi. Belə ki, bölgəyə səfər və orada müvafiq xidmətin aparılması Azərbaycanla heç bir zaman razılaşdırılmadı. Bundan əlavə, missiyanın say tərkibinin sonradan dəyişməsi, xidmət müddətinin artırılması haqqında şübhəli məlumatların olması da bu fikri təsdiq etmək üçün kifayətdir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Amid Əliyev söyləyib.
Onun sözlərinə görə, Avropa İttifaqının missiyasi fəaliyyətinin ilk günündən başlayaraq bölgədə, xüsusilə də şərti dövlət sərhədində baş verən erməni təxribatları haqqında reallığı əks etdirməyən məlumatlar yaydı. Müəyyən zamanlar isə ümumiyyətlə, bu təxribatları görməzlikdən gəldi: “Məsələn, iyunun 15-də Laçın dövlət sərhədindən buraxılış məntəqəsində ermənilər tərəfindən azərbaycanlı sərhədçiyə atəş açılan zaman bu missiya demək olar ki, yoxa çıxdı. İndi isə Ermənistan siyasi hakimiyyəti tərəfindən yaradılan TIR tragikomediyasında əsas rollardan birini məhz həmin Aİ-nin missiyası məharətlə ifa edir. Bu da həmin missiyanın ikili standartlar əsasında işləməsinə dəlalət edir.
Bunlarla yanaşı, son zamanlar ermənilər tərəfindən şərti dövlət sərhədinin müxtəlif istiqamətləri üzrə, eləcə də Qarabağ iqtisadi rayonunun ermənilər yaşayan hissəsində müvafiq silahlı birləşmələrin cəmlənməsi, istehkam qurğularının yaradılması və əraziyə mütəmadi olaraq daşınan qanunsuz silahlarla bağlı Aİ-nın missiyası heç bir bəyanat yaymır. Bu da onu deməyə əsas verir ki, məhz elə bu missiya neqativ aksiyaların əsas aktorlarından biridir. Tərkibində hərbçilərin, kəşfiyyatçıların və jandarmların olduğu bir missiya təbii ki, humanitar fəaliyyətlə yox, məhz silah daşınması və təxribatla məşğul olmalıdır”.
Politoloq qeyd edib ki, son günlərdə Azərbaycan Ordusu tərəfindən guya missiya üzvlərinə atəş açılması da məhz bu təxribatın bir hissəsidir. Lakin tutarlı faktların olmaması səbəbindən bu feyk məlumat gündəmdən çıxarıldı.
Aİ-nin missiyası birinci gündən bölgədə özünü polis və jandarm kimi göstərdi, məlumatların yayılmasında qəsdən reallığı əks etdirmədi, iki dövlət arasında sərhəd məsələsinə töhfə vermədi. Əksinə şərti dövlət sərhədi boyunca təxribatların baş verməsinə rəvac verdi. Qeyd olunan faktlar bir daha onu sübut edir ki, Aİ-nın missiyası sülhə və təhlükəsizliyə yox, qarşıdurmaya və təxribata yönəlik fəaliyyətə üstünlük verir.