Politoloq: Azərbaycan Şərq ilə Qərb arasında əlaqədə yeganə “sabitlik dəhlizi” olaraq qalır
Bakı, 4 mart, Leyla Muradzadə, AZƏRTAC
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci görüşü və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası Azərbaycan paytaxtının ev sahibliyi etdiyi ən mühüm tədbirlərdir. Bu il görüş regionda görünməmiş gərginlik, yaxınlıqda müharibənin baş verdiyi bir şəraitdə keçirilir. Buna baxmayaraq, Azərbaycan sülh və sabitlik məkanı olaraq qalır və iştirakçılar əməkdaşlıq, qlobal enerji, resurs tranziti mövzularını konstruktiv şəkildə müzakirə edə bilərlər.
Bu fikri AZƏRTAC-a Qərbi Kaspi Universitetinin professoru və politoloq Fikrət Sadıxov ifadə edib.
Ekspert izah edib: “Biz Şərq və Qərb arasında əlaqələrdə yeganə “sabitlik dəhlizi” olaraq qalırıq və Azərbaycan Prezidenti çıxışında bunu vurğulayıb. Regionumuzdakı bütün çətinliklərə və mürəkkəb dövrlərə baxmayaraq, Azərbaycanın digər ölkələr üçün təmin etdiyi enerji təhlükəsizliyi gündəlik əsasda hiss olunan amilə çevrilib”.
Onun sözlərinə görə, bütün bunlar Azərbaycanı qlobal geosiyasi münaqişələr fonunda əhəmiyyəti durmadan artan əsas mərkəz və strateji aktora çevirir. “Bu gün Azərbaycan faktiki olaraq əvəzolunmaz karbohidrogen təchizatçısıdır və bu rol bütün tərəfdaşlarımız tərəfindən dərin anlaşılma və minnətdarlıqla qəbul edilir”, - deyə Sadıxov sözlərini yekunlaşdırıb.