Politoloq: Azərbaycan tərəfində Xankəndi barədə dəqiq məlumatlar var
Bakı, 23 dekabr, AZƏRTAC
Azərbaycanlı ekofəalların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin Laçın-Xankəndi yolundakı dinc etiraz aksiyasından sonra Xankəndidə ermənilərin təşkil etdiyi “mitinq”də insanların sayının çox olmaması Ermənistandan Laçın dəhlizi vasitəsilə əraziyə əlavə şəxslərin cəlb edilməsinin qarşısının alınması ilə birbaşa bağlıdır. Bəzi xəyalpərəstlərin söylədiyi kimi, əgər doğrudan da Xankəndidə 120 min erməni əhalisi yaşayırsa və onların heç 500 nəfəri aksiya üçün bir yerə yığılmırsa, demək bununla bağlı səsləndirilən rəqəmlər, sadəcə, cəfəngiyatdır və heç bir rəsmi məlumata əsaslanmır. Azərbaycan tərəfində Xankəndi barədə dəqiq məlumatlar mövcuddur.
Bu fikirləri AZƏRTAC-a açıqlmasında Bakı Politoloqlar Klubunun rəhbəri politoloq Zaur Məmmədov söyləyib.
O qeyd edib ki, Xankəndidə yaşayan 16-20 min erməni əhaliyə bölgədən çıxmaq qadağan olunub. Ruben Vardanyan, Araik Arutyunyan və digər separatçılar əhalini Xankəndidə girov kimi saxlayırlar. Belə ki, Azərbaycan ərazilərində yaşayan erməni əhali qondarma rejimin siyasətinin qurbanı olur.
Zaur Məmmədov vurğulayıb ki, Xankəndi və ətraf rayonlarda məskunlaşmış ermənilər ərazilərimizdə yaşadıqları üçün Azərbaycan vətəndaşlarıdır. Həmçinin ermənilər anlamalıdırlar ki, onların gələcəyi Azərbaycanla bağlıdır.
“Əgər Ruben Vardanyanın və digər separatçıların dediyi kimi, Xankəndidə 120 min əhali yaşayırsa, o zaman mitinqə rahatlıqla nəinki 1000, hətta iki min də insan toplamaq olardı. Demək ki, həmin şəxslər planlı şəkildə əhalinin sayını artıq göstərərək diqqəti Azərbaycan ərazilərinə yönəldib separatizmi dirçəltməyə çalışırlar. Amma onların əsas məqsədi erməni əhalisi yox, Azərbaycan ərazilərini talamaqdır. Belə ki, “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarında qanunsuz istismar həyata keçirən separatçı şəxslər bununla öz büdcələrini zənginləşdiriblər. Həmçinin ərazilərimizdə olan qanunsuz erməni hərbi birləşmələrinin maddi-texniki bazasını gücləndiriblər”, - deyə politoloq bildirib.