Premyer Liqa: “Neftçi”dən 5 il sonra ilk, “Qarabağ”ın futbolçusundan yubiley qolu
Bakı, 16 fevral, AZƏRTAC
“Neftçi” Misli Premyer Liqasında ardıcıl 2 səfər oyununda 3 və ya daha çox qol vurub.
Peşəkar Futbol Liqasından AZƏRTAC-a bildirilib ki, XVIII turda “Araz-Naxçıvan”a 4 cavabsız qol vuran qonaqlar XX turda “Kəpəz”i 3:1 hesabı ilə məğlub edib.
“Ağ-qaralar”ın Premyer Liqadakı səfər oyunlarında belə məhsuldarlıq seriyası son 5 mövsümdə ilk dəfə qeydə alınıb. Bakılılar sonuncu dəfə 2020/2021-ci illər mövsümünün sonlarında – 2021-ci ilin mayında “Şamaxı”ya 3, “Səbail”ə 4 cavabsız qolla qalib gəliblər.
Bundan başqa, Misli Premyer Liqasının XX turunun “İmişli” ilə oyununda “Qarabağ”ın qələbə topunu vuran Musa Qurbanlı yubiley qoluna imza atıb. 23 yaşlı hücumçu Premyer Liqada 40-cı dəfə fərqlənib.
Qurbanlı buna 97-ci oyununda nail olub. Forvard turnirin tarixində 40 və ya daha çox qol vuran futbolçuların siyahısına daxil olub. Junivan Suares, Ramil Şeydayev, Fernando Peres və Mehman Allahverdiyevə çatan Qurbanlı 65-69-cu yerləri bölüşür. Premyer Liqada iki klubda çıxış edən hücumçu “Qarabağ”da 88 oyunda 39, “Zirə”də 9 matçda 1 dəfə fərqlənib.
Qeyd edək ki, Musa Qurbanlı 40-cı qolunu cari çempionatda vuran ikinci futbolçudur. Ona qədər Coy-Lens Mikels (“Sabah”) buna nail olub.