PREZİDENT ABDULLAH GÜL VAXTİLƏ NURU PAŞANIN YAŞADIĞI EVDƏ OLMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, noyabrın 8-də Türkiyə Prezidenti Abdullah Gül, xanımı Hayrünnisa Gül və digər qonaqlar Qafqaz İslam ordusunun komandanı Nuru paşanın vaxtilə yaşadığı evə gəlmiş və burada ev sahibləri ilə çay süfrəsi arxasında söhbət etmişlər.
Söhbət zamanı evin sahibi, Xalq Cümhuriyyətinin tanınmış xadimlərindən olan Nağıbəy Şeyxzamanovun nəvəsi Arifə Şeyxzamanova babası haqqında xatirələrini danışdı. O, 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı vaxtı qardaşlarına köməyə gələn ordunun komandanı Nuru paşanın Gəncədə iki aya yaxın bu evdə yaşadığını, erməni daşnaklarına qarşı mubarizədə fədakarlıq göstərdiyini xatırlatdı.
Türkiyə Prezidenti bu qardaş köməyinin təbii olduğunu bildirdi və ölkələrimizin həmişə bir-birinə dayaq durmasının zəruriliyini vurğuladı.