Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edib YENİLƏNİB VİDEO

Bakı, 23 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də Bakının Xəzər rayonunda Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev əvvəlcə sakinlərlə görüşdü.

Dövlətimizin başçısı dedi:

-Sizi görməyimə çox şadam. Çox şadam ki, Mərdəkan qəsəbəsində çox gözəl infrastruktur layihələri icra edilir və yollar salınır, qəsəbənin digər problemləri öz həllini tapır. Bu, bizim siyasətimizdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və çox çalışırıq ki, hər bir yerdə inkişaf olsun, quruculuq, abadlıq işləri aparılsın.

Yol inkişaf üçün əsas şərtlərdən biridir. Buzovna-Mərdəkan yolu keçən il istifadəyə verilib. Bu yol mövcud deyildi. İndi isə yoldan istifadə olunur, yolboyu binalar tikilir, ictimai yerlər, ictimai obyektlər salınır. Yəni, yol olan yerdə inkişaf da var. Azərbaycanda son illərdə bütün yerlərdə müasir yol infrastrukturu yaradılır, o cümlədən Bakı qəsəbələrində. İndi isə Mərdəkan-Qala yolunun açılışını qeyd edirik. Bu, əslində onu göstərir ki, hər bir sahədə, hər bir bölgədə ən müasir standartlar tətbiq olunur.

Bildiyiniz kimi, son 15 il ərzində ölkəmizdə 15 min kilometr yol çəkilib. Hər bir yerdə, hətta dağ kəndlərində, yol olmayan kəndlərə biz yollar çəkdik. Bu gün bu yollar həm insanlara xidmət göstərir, həm biznes imkanlarını genişləndirir, fermerlər üçün yeni imkanlar yaradır və yollar keyfiyyətli salınır. Çünki Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycanda yolların keyfiyyəti dünya miqyasında 34-cü yerdədir. Biz çalışırıq ki, hər bir sahədə ən yüksək standartları tətbiq edək və insanları narahat edən problemləri aradan götürək.

Yol, infrastruktur, elektrik enerjisi ilə təchizat, qazlaşdırma, su layihələri - bütün bunlar diqqət mərkəzindədir və son illərdə bu istiqamətdə çox ciddi addımlar atılır. Ona görə mən gəlmişəm bu gün sizinlə görüşüm, bu gözəl hadisəni bir yerdə qeyd edim və sizə yeni uğurlar, qələbələr arzulayım.

Qəsəbələrarası və qəsəbədaxili yollar diqqət mərkəzindədir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə göstəriş verilib ki, Bakı qəsəbələrində yol infrastrukturuna çox ciddi fikir verilsin və demək olar ki, indi bu proses geniş vüsət alıb. Əminəm ki, bütün qəsəbələrdə daxili yollar bərpa ediləcək və insanlara rahatlıq verəcək. Bir daha sizi təbrik edirəm, sizə uğurlar arzulayıram.

Rayon sakini Altay Mansurov görülən işlərə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirərək dedi:

- Hörmətli cənab Prezident, əvvəla, rayon sakinləri və ağsaqqalları adından Sizə “Xoş gəlmisiniz!” deyirəm. Bizim sakinlər, - bilirsiniz ki, Xəzər rayonunun sakinləri Sizi çox istəyirlər, - Sizi həmişə burada görməyə şad olurlar. Bu gün də biz çox şadıq ki, Siz gəlmisiniz, Sizinlə görüş keçiririk. Bu, birinci dəfə deyil. Siz bizim rayonda tez-tez olursunuz, biz görüşürük, bununla da fəxr edirik. Xoş gəlmisiniz, Sizə cansağlığı arzulayırıq.

Sizin gördüyünüz işlər göz qabağındadır. Son illərdə nəinki bizim rayonda, bütün Azərbaycanda görülən işlərin hamısını biz televizorda müşahidə edirik, görürük, nə cür yollar çəkilir, hansı işlər görülür. Son zamanlar Sizin göstərişinizlə, fərmanlarınızla, sərəncamlarınızla insanların sosial rifahının yaxşılaşdırılması istiqamətində çox işlər görülüb. Eyni zamanda, şəhərlərdə, qəsəbələrdə, o cümlədən bizim rayonda çox böyük işlər görülür, hamısı göz qabağındadır, su təsərrüfatını, yol təsərrüfatını demək olar. Son vaxtlar bizim rayonda da çox yollar çəkilir. Qəsəbələrarası yollar çəkilib, köhnə yollar bərpa edilib. Bu da sakinlərimizin yaşayış şəraitinin yaxşılaşdırılmasına töhfə verir. Bu yolun da çəkilməsi qəsəbələr arasında gediş-gəlişi, eyni zamanda, şəhərə çıxışı asanlaşdıracaq. Son zamanlar Buzovna-Mərdəkan yolunun çəkilməsi, eyni zamanda, indi Mərdəkan-Qala yolunun mərkəzi yola birləşdirilməsi, şəhərə, qonşu qəsəbələrə çıxışın təmin edilməsi əlbəttə ki, insanların yaşayışına və rifahına böyük kömək olacaq. Sizə cansağlığı arzulayırıq. Biz Sizin daxili və xarici siyasətinizi bəyənirik. Biz bunu hər dəfə təkrar edirik və həmişə biz Sizin arxanızda böyük bir qüvvə kimi dayanmağa hazırıq.

Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm. Mən çalışıram və bundan sonra da çalışacağam ki, doğma xalqıma ləyaqətlə xidmət edim. Ölkə qarşısında duran bütün problemlər öz həllini tapmalıdır. Son illər ərzində görülmüş işlər göz qabağındadır. Azərbaycan müasirləşir, yeniləşir, hər bir yerdə, hər bir bölgədə və hər bir sahədə çox böyük quruculuq, abadlıq işləri aparılır.

Bu gün iqtisadi inkişaf təmin edilir. Bu il iqtisadiyyatımız 3 faiz artır, əvvəlki illərə nisbətən bu artım daha böyükdür. Düzdür, bu, bizi tam qane edə bilməz. Çünki hesab edirəm ki, potensial daha böyükdür və biz iqtisadi baxımdan daha yüksək templərlə artmalıyıq. Ancaq, eyni zamanda, aparılan islahatlar və islahatların dərinləşməsi bizə əlavə imkanlar yaradır. Son illər ərzində çox böyük işlər görülüb, işlər də göz qabağındadır. Ancaq biz indi inkişafımızın yeni mərhələsindəyik. Son prezident seçkiləri ərəfəsində mən bəyan etmişdim ki, növbəti dövr islahatlar dövrü olacaq. Çünki hər bir ölkə üçün islahatlar çox önəmlidir. İslahatlar yenilik, müasirlik, nöqsanların aradan qaldırılması, problemlərin həlli deməkdir. Bizdə hər bir sahə üzrə çox aydın təsəvvür və iş proqramı var. Ona görə islahatların dərinləşməsi nəticəsində əldə edilmiş nailiyyətlər əlbəttə ki, vətəndaşların rifah halını yaxşılaşdırır. Baxın, bu ilin üç ayında büdcə daxilolmaları böyük dərəcədə artıb. Yəni, vergi və gömrük orqanları plandan əlavə 200 milyon manatdan çox vəsait toplayıblar. Nəyin hesabına? İslahatlar hesabına. Nəyin hesabına? Şəffaflıq hesabına, aparılmış siyasət nəticəsində. Sahibkarlar da razıdır, çünki bu gün sahibkar da bilir ki, dövlətin vergisini ödəməlidir, tam ödəməlidir və ondan başqa heç kimə heç bir ödəniş edilməməlidir. Mən indi görürəm ki, sahibkarlarda da bu işlərə böyük inam var.

Biz daxil olan əlavə gəlirləri, ilk növbədə, sosial məsələlərin həllinə yönəldirik. Düzdür, infrastruktur layihələri də lazımdır, biz oraya vəsait ayırmasaydıq, belə yollar çəkilə bilməzdi. Ancaq indiki şəraitdə biz vəsaiti daha çox insanların rifah halının yaxşılaşdırılması üçün yönəldirik. Təsadüfi deyil ki, keçən ilin aprel ayında prezident seçkilərindən sonra imzaladığım ilk Fərman şəhid ailələrinin rifah halının yaxşılaşdırılmasına yönəldilmişdir. Şəhid ailələrinə 11 min manat ödənişin təşkil edilməsi bizim niyyətimizi göstərir və bu ödənişlər aparılır. Ondan sonra qəbul edilmiş qərarlar, imzaladığım fərmanlar da bir məqsədi güdür ki, vətəndaşlar daha da yaxşı yaşasınlar. Minimum əməkhaqqı, minimum pensiya təxminən 40 faiz artırılıb. Mən bu yaxınlarda demişəm, artım faiz baxımından böyük olsa da, bizi qane edə bilməz. Çünki biz daha da yüksək həddə çatmalıyıq və bunu etmək üçün daha da fəal işləməliyik. Sosial müavinətlər orta hesabla iki dəfə, köçkünlərə, şəhid ailələrinə verilən müavinət, tələbə təqaüdləri 50 faiz artıb. Bir çox önəmli fərman və sərəncamlar imzalanmışdır ki, insanların rifah halını, biznes mühitini yaxşılaşdırır və bu istiqamətdə işlər davam etdiriləcək. Çünki minimum əməkhaqqı, minimum pensiyanın qaldırılması daimi proses olmalıdır.

Azərbaycan indi inkişafın yeni mərhələsindədir və bundan sonra iqtisadi artım çox sürətli olacaq. Nəzərə alsaq ki, bizim neft-qaz sahəsində apardığımız siyasət öz bəhrəsini verir, yaxın gələcəkdə Cənub Qaz Dəhlizi işə düşəcək. Bu, əlavə gəlir gətirəcək və gəlir də vətəndaşların rifah halının yaxşılaşmasına yönəldiləcək.

Əlbəttə ki, islahatlar hərtərəfli olmalıdır - həm iqtisadi sahədə, sosial sahədə, siyasi sahədə, həm də idarəetmə sahəsində. Bu sahələrdə hələ ki, təkmilləşməyə böyük ehtiyac var. Biz öz siyasətimizi yerlərdən gələn təkliflər əsasında qururuq.

Bu ilin yanvarında dördüncü regional inkişaf proqramı qəbul edilib. Bu proqramın qəbul edilməsində yerlərdən gələn müraciətlər əsas rol oynayır. Çünki vətəndaşları narahat edən problemlər var ki, biz onları bilməliyik və həll etməliyik. Bizim məqsədimiz budur, siyasətimiz də bundan ibarətdir. Əminəm ki, ölkə qarşısında duran bütün vəzifələr, problemlər öz həllini tapacaq.

Xəzər Rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov da rayonun sosial-iqtisadi inkişafına göstərdiyi diqqətə görə dövlətimizin başçısına minnətdarlığını bildirərək dedi:

-Möhtərəm cənab Prezident, mən də Sizə “Xoş gəlmisiniz!” deyirəm. Siz 2003-cü ildə prezident seçkiləri ərəfəsində Mir Mövsüm Ağa ziyarətgahında çıxış etdiniz. Orada çox gözəl sözlərin sırasında bu sözlər də oldu: “Mən çalışacağam ki, prezident seçiləndən sonra hər bir azərbaycanlının Prezidenti olum”. Bütün fəaliyyətiniz dövründə Siz sübut etdiniz ki, sözün əsl mənasında, hər bir azərbaycanlının Prezidentisiniz. Bunu 16 illik fəaliyyətiniz dövründə iqtisadi islahatlar, ictimai həyatda, mədəni, mənəvi quruculuq sahələrində baş verən yeniliklər tam sübuta yetirdi. Bir məsəl var, deyirlər ki, “abad kənd yolundan bilinər”. Hər şey yoldan başlayır. Sizin yol infrastrukturunun inkişafına ayırdığınız diqqət, əslində, ölkənin iqtisadiyyatına, əlaqələrin genişlənməsinə doğrudan da çox böyük yardım göstərir. Siz keçən il aprelin 11-də Prezident seçiləndən sonra özünüz qeyd etdiyiniz kimi, ilk Fərmanınız əhalinin, insanların həyatının yaxşılaşdırılması ilə bağlı oldu. Son bir neçə ay ərzində Qarabağ müharibəsi iştirakçılarının, müharibə əlillərinin, pensiyaçıların, digər sosial qrupların təqaüdlərinin artırılması, bu yöndə atılan addımlar insanlarımız tərəfindən çox böyük rəğbətlə qarşılanıb. Bax, elə bu Xəzər rayonunun inkişafı Sizin fəaliyyətinizin əsl göstəricisidir.

Xəzər rayonunda yolların salınması istiqamətində görülən işlərə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Təvəkkül Səlimov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadiyyatın inkişafı üçün atılan addımları xüsusi qeyd edərək dedi:

-İnanın, 11 aprel seçkilərindən bu yana ötən 15 ilin nəticələri qədər nəticələr qazanmışıq. Cənab Prezident, mən sakinlərimiz adından bu möhtəşəm işlərinizə, səmimiyyətinizə, xalqımıza, insanlarımıza, o cümlədən bizə olan isti münasibətinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Mehriban xanım həmişə bizi diqqətdə saxlayır, Allah ona ömür versin. O, sözün əsl mənasında, Azərbaycan qadınının doğrudan da simasını göstərən bir insandır. Cənab Prezident, bir daha Sizə və Mehriban xanıma işlərinizdə uğurlar arzu edirəm. Siz buraya həmişə gəlin. Siz buraya gələndə biz hər dəfə yeniliklərlə rastlaşırıq.

Prezident İlham Əliyev: Çox sağ olun. Hər bir rayonda gedən işlər məni sevindirir. Çox şadam ki, Xəzər rayonunda bütün işlər yaxşı gedir, abadlıq-quruculuq, təsərrüfat işləri aparılır. Əvvəlki illərdə də yaxşı nəticələr olub və biz birlikdə ölkəmizi inkişaf etdiririk. Hər bir yerdə hər bir vətəndaş ümumi inkişafımıza öz töhfəsini verir. O ki qaldı, dövlət siyasətinə, bir daha demək istəyirəm ki, biz ölkəmizi gücləndiririk, beynəlxalq mövqelərimizi möhkəmləndiririk, hərbi gücümüzü artırırıq, sosial məsələlərin həllinə çalışırıq. Son dövrdə imzaladığım fərmanlar doğrudan da həm təsirlidir, həm əhəmiyyətlidir, həm də ki, bizim siyasətimizi göstərir. Deyə bilərəm ki, bu fərmanlara başqa ölkələrdə rast gəlinmir. Məsələn, tutaq ki, problemli kreditlər nədən qaynaqlandı? Devalvasiyadan. Devalvasiya nəyə görə baş verdi? Neftin qiyməti 4 dəfə azaldı, gəlirlərimiz, manatın məzənnəsi aşağı düşdü və insanlar bundan əziyyət çəkdilər. Maksimum çalışırdıq ki, vəziyyəti sabitləşdirək, sabitlik olsun, manat sabitləşsin. Artıq uzun müddətdir ki, manat sabit olaraq qalır. Bizim indiki iqtisadi və maliyyə vəziyyətimiz onu deməyə əsas verir ki, manatın sabitliyi ilə bağlı heç bir problem gözlənilmir. İqtisadi, maliyyə imkanı artdıqca biz, ilk növbədə, səylərimizi problemli kreditlərin həllinə yönəltdik və bunu həll etdik, özü də ən yüksək səviyyədə. İndi bu Fərman dərc edilib və orada göstərilən maddələr əminəm ki, kredit borcu olan hər bir vətəndaş üçün çox əhəmiyyətlidir. Bundan 600 mindən çox insan bəhrələnir və artıq kompensasiyaların verilməsi prosesi başlanmışdır.

Əsas odur ki, vətəndaşları narahat edən məsələlər öz həllini tapsın. Hər yerdə, hər bir dövlət məmuru, icra başçısı, bələdiyyə sədri, hər bir dövlət təşkilatında çalışan məmur vətəndaşlara xidmət etməlidir. Mən bunu dəfələrlə demişəm. Əfsuslar olsun ki, hər yerdə belə deyil, elə hallar var ki, vətəndaşları incidirlər, onların haqları tapdalanır, onların problemlərinə biganə yanaşılır. Bilirsiniz ki, mən vətəndaşlarla müntəzəm təmasda oluram. Mən vətəndaşlardan həm problemləri, həm də müsbət tərəfləri eşidirəm. Ona görə hər bir dövlət məmuru bilməlidir ki, onun başlıca vəzifəsi vətəndaşlara xidmət etməkdir və mənim də tələbim bundan ibarətdir. Ancaq buna nail olmaq üçün çox ciddi ictimai nəzarət olmalıdır. Ona görə insanları narahat edən məsələlər, harada ki, nöqsanlar, çatışmazlıqlar var, onlar deyilməlidir. Onlar müraciətdə öz əksini tapmalıdır ki, biz bunları həll edək. Əminəm ki, belə də olacaq. Bütün dövlət məmurları bilməlidirlər ki, onlar vətəndaşlara vicdanla xidmət etməlidirlər. Təyin edilmiş hər bir icra başçısının qarşısına qoyduğum birinci vəzifə bundan ibarətdir.

Vətəndaşlarımızın rifah halı, onların iqtisadi, maliyyə vəziyyəti ildən-ilə daha da yaxşılaşır. Əgər əvvəlki dövrü götürsək görərik ki, pensiyalar, maaşlar təqribən 10 dəfəyə yaxın artıb. Ancaq bu gün bu, bizi qane edirmi? Yox. Nə etməliyik? Daha da fəal işləməliyik, iqtisadiyyat daha da sürətlə artmalıdır, sərmayə yatırılmalıdır, bürokratik əngəllər aradan qaldırılmalıdır, biznes qurmaq istəyənin qarşısında süni əngəllər qoyulmamalıdır. Yerli icra orqanları çalışmalıdırlar ki, investisiyaları cəlb etsinlər. Çünki iqtisadi artım olmasa, onda bizim maliyyə imkanlarımız da olmayacaq. Bütün bu məsələlər bir-biri ilə bağlıdır. İndiki iqtisadi vəziyyətimiz və gələcək planlarımız tam əminliklə deməyə əsas verir ki, biz ancaq yüksələn xətlə inkişaf edəcəyik və qarşıda duran bütün vəzifələri birlikdə həll edəcəyik. Sağ olun.

Sakinlər: Allah Sizə kömək olsun. Allah Sizə, Mehriban xanıma cansağlığı versin.

X X X

Sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov Buzovna-Mərdəkan-Qala avtomobil yolu layihəsi çərçivəsində görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi.

Bildirildi ki, dövlətimizin başçısının 2014-cü ildə imzaladığı Sərəncamla təsdiq edilən “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda Xəzər rayonunda Buzovna-Mərdəkan-Qala avtomobil yolu layihəsinin həyata keçirilməsi də nəzərdə tutulmuşdu. Bu yol layihəsinin uzunluğu 7,6 kilometr olan Buzovna-Mərdəkan hissəsinin tikintisi başa çatdırılaraq, 2013-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi olub və əhalinin istifadəsinə verilib. Bu bölgədə yaşayan əhalinin çoxsaylı müraciəti nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin ötən ilin yanvarında və fevralında imzaladığı sərəncamlarla təsdiq edilən 2018-ci ilin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,6 milyon manatı 55 min nəfərin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Buzovna-Mərdəkan-Qala avtomobil yolunun 5,4 kilometrlik Mərdəkan-Qala hissəsinin tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. 2018-ci ildə layihənin tikintisi yekunlaşan hissəsi ilə Qala qəsəbəsi arasında yeni nəqliyyat bağlantısı yaratmaq, həmçinin nəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə Mərdəkan-Qala hissəsində 5,2 kilometr uzunluğunda yolun tikintisi aparılıb. Bu yolun 400 metrlik hissəsinin eni 18 metr olmaqla 1-ci texniki dərəcəlidir, yəni 4 hərəkət zolaqlı, digər hissənin eni isə 9 metr olmaqla 2-ci texniki dərəcəyə aiddir, yəni 2 hərəkət zolaqlıdır. Bu yolun istifadəyə verilməsi həm sosial, həm də iqtisadi baxımdan olduqca əhəmiyyətlidir. Belə ki, həmin yol Buzovna, Şüvəlan, Qala, Mərdəkan qəsəbələrini birləşdirməklə bu qəsəbələrdə yaşayan sakinlərin şəhərə çıxışını da rahat təmin etməyə geniş imkan yaradır. Eyni zamanda, bu qəsəbələrdən Qala-Pirallahı yoluna da birbaşa çıxış təmin edilir. Bununla yanaşı, paytaxtın bu hissəsində yaşayanlar şəhərə daxil olmadan bu alternativ yolla Sumqayıt, həmçinin Şamaxı və Quba istiqamətinə də rahat çıxış əldə edirlər. Beləliklə, bu layihənin icrası tıxacların qarşısının alınması, nəqliyyat vasitələrinin hərəkətinin normal və təhlükəsiz təşkili, sürücülərin və sərnişinlərin mənzil başına vaxtında çatması baxımından da mühüm rola malikdir.

Saleh Məmmədov dedi:

- Əvvəllər qəsəbənin Yesenin küçəsində tıxac yaranırdı. Mərdəkan və Şüvəlan sakinləri indi bu yolla şəhərə, Zirə, Türkan qəsəbələrinə rahat çıxa bilirlər. Artıq gedib aeroport yolundan dönüb çıxmağa ehtiyac yoxdur. Yol tam açılıb, istifadədədir. Yəqin ki, sakinlər də bunu təsdiq edərlər.

Sakinlər: Bəli, çox gözəldir.

Prezident İlham Əliyev: Siz qəsəbədaxili yollara da diqqət yetirin. Mən bu barədə də tapşırıq vermişəm. Başqa yollar da təmir olunub.

Saleh Məmmədov: Bəli, Sizin tapşırığınıza əsasən, son iki ayda Mərdəkan qəsəbəsində 54 min kvadratmetr yol sahəsinə asfalt döşənib. Şüvəlan qəsəbəsinə su xəttinin çəkilişi işləri başa çatıb. Biz indi orada 10 kilometrlik yolun çəkilişinə başlamışıq. Buzovnada qəsəbəarası 14 yol çəkilib, orada da 32 min kvadratmetr asfalt döşənib. Ən çox işi Binədə görmüşük, 135 min kvadratmetr asfalt vurmuşuq. İşlər hələ davam edir. İnvestisiya planınızda bu il 19 kilometrlik yolun tikintisi nəzərdə tutulub, artıq orada da işlər gedir. Yolun 13 kilometrlik hissəsi hazırdır, 6 kilometrlik hissədə iş davam edir.

Prezident İlham Əliyev: Digər rayonlarda da iş gedir, bütün qəsəbələrdə.

Saleh Məmmədov: Sizin göstərişinizlə Bakı şəhərinin bütün qəsəbələrində iş gedir.

Prezident İlham Əliyev: Bakı şəhərində bir dənə də təmirsiz yol olmamalıdır, həm şəhərdə, həm qəsəbələrdə. Qarşıya belə vəzifə qoyulub və indi müvafiq işlər görülür. Biz bu işləri qısa müddət ərzində görmüşük.

Sakinlər: Allah canınızı sağ eləsin, sağ olun.

Prezident İlham Əliyev: Sağ olun. Sizi bir daha təbrik edirəm.

X X X

Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edib YENİLƏNİB VİDEO

Nihat Məmmədli: Final görüşündə öz səhvlərimə görə məğlub oldum

Baş Prokurorluq ilə BMT-nin müvafiq qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

Böyük Britaniyada minimum əməkhaqqı təxminən 4 faiz artırılacaq

Baş Prokurorluq və ACTA arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb

Azərbaycan Kubokunda 1/8 finalın növbəti iştirakçıları bəlli olub

Almaniya Kansleri Asiya ilə ticarət əlaqələrini genişləndirilmək istəyir

Qurban Qurbanovun əvəzedici komandaya göndərdiyi futbolçu “Qarabağ”dan ayrılıb

UNESCO proqramına 8 mindən çox müraciət arasından 50 gənc lider seçilib

Fransanın Ruan şəhərində baş verən zorakılıq hadisələri ilə bağlı istintaq başlayıb

Rusiya Kameruna və Konqoya informasiya müdaxiləsində ittiham edilir

Asa Regner: “Sülh naminə gənclər” proqramının ikinci mərhələsinə start veririk

Energetika naziri: İndiyədək Türkiyəyə 131 milyard, Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib

Sabah Yardımlı şəhəri və 7 kənddə qaz təchizatı dayandırılacaq

Putin: Rusiya və Azərbaycan energetika sahəsində əməkdaşlığın genişləndirilməsini fəal müzakirə edirlər

Baş prokuror İndoneziya və Uqandadan olan nümayəndə heyətləri ilə görüşüb

Azərbaycanın yunan-Roma güləşi yığması dünya çempionatını 3 medalla başa vurub

Ağcabədidə narkotik asılılığının cəmiyyət üçün yaratdığı sosial təhlükələr diqqətə çatdırılıb

Heç bir dövlət öz təhlükəsizliyini yalnız beynəlxalq mexanizmlərin fəaliyyətinə bağlamamalıdır VİDEO

Heç bir dövlət öz təhlükəsizliyini yalnız beynəlxalq mexanizmlərin fəaliyyətinə bağlamamalıdır VİDEO

Sülh quruculuğu sənəti: mədəni diplomatiyanın gücündən istifadə - MÜZAKİRƏ

“Vnukovo” hava limanında uçuşlar müvəqqəti dayandırılıb

Rəvan Həsənov: Dialoq səy, institutlar və hər şeydən əvvəl davamlı insan təması tələb edir

Azərbaycanda xalça istehsalı 61 dəfə, ixracı isə 4 dəfə artıb – QRAFİK

İctimai Şuranın üzvləri Dövlət Proqramının icrası ilə bağlı müzakirələr aparıb

® ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verib

Professor Ramiz Yunus ADU-da Cənubi Qafqazın geosiyasi əhəmiyyətindən danışıb

TÜRKPA-nın Baş katibi Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb

Mədə xərçənginin erkən diaqnostikasının əhəmiyyəti diqqətə çatdırılıb

Agentlik: 20 Somali vətəndaşı Azərbaycanın ali təhsil müəssisələrində təhsil alacaq

Məhəmməd əl-Məsudi: Müharibələri, qarşıdurmaları qardaşlıq əvəz etsin

Seymur Hüseynov: Bakı Prosesi qlobal forumlardan mədəni əməkdaşlıq mexanizminə çevrilməlidir

Azərbaycan U-23 Avropa çempionatında 8 cüdoçu ilə təmsil olunacaq

Əbdülfəttah Əl-Bəlməşi: Sivilizasiya diplomatiyası praktik müstəvidə tətbiq olunmalıdır

Türkiyə gələn ildən “Akkuyu” AES-də istehsal olunan elektrik enerjisindən istifadə etməyə başlayacaq

UNESCO rəsmisi: Gənclərin qərarların formalaşdırılmasında fəal iştirakını təmin etmək bizim məsuliyyətimizdir

Əmək bazarının ehtiyacları ilə təlim imkanlarının əlaqəsinin gücləndirilməsi əsas çağırışlardandır

Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşları saxlanılıb

Bakı Beynəlxalq Kitab Sərgisində BDU-nun “Radio jurnalistikası” dərsliyi təqdim olunub

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Nazir müavini: Mədəniyyətlərarası dialoq platformaları arasında əməkdaşlıq gücləndiriləcək

Villiam Davila: IE Liderlik və İnnovasiya Mərkəzi yeni əməkdaşlıq imkanları yaradacaq

Xüsusi nümayəndə: İşğal dövründə mədəni irsimizin bir çox nümunəsi ya təhqir olunub, ya da tamamilə dağıdılıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin noyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Baş Prokurorluq ilə Mərakeşin və İraqın antikorrupsiya qurumları arasında Anlaşma memorandumları imzalanıb

Çempionlar Liqası: “Araz-Naxçıvan” Macarıstan klubuna qalib gəlib

İqtisadiyyat Nazirliyi İspaniyanın IE Universiteti ilə Çərçivə Əməkdaşlıq Sazişi imzalayıb

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda əlçatan turizm imkanları diqqət mərkəzində olub

Nazir Məcnun Məmmədov İmişlidə vətəndaşlarla görüşüb

Nigeriyada silahlı hücum nəticəsində 62 nəfər ölüb

Mbappe Mao Tszedunla bağlı sözlərinə görə Çindən üzr istəyib

Azərbaycan ilə ICESCO arasında birgə fəaliyyətlər genişləndirilir

Prezidentin mesajları: Beynəlxalq münaqişələrə qarşı Azərbaycan modeli, iki supergüclə əlaqələr – TƏHLİL

Sivilizasiyalararası dialoq və strateji uzaqgörənlik VII Dialoq Forumunun gündəliyində

Ziba Mustafayeva: Azərbaycanda bacarıqların, səriştələrin və rəqəmsal imkanların inkişafı prioritetlərimizdəndir

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun xüsusi sessiyası başa çatıb

Professor: Mədəniyyətlərarası anlaşmanın təşviqi dinc yanaşı yaşayışın mühüm şərtidir

Almaniyanın 5 əyaləti nüvə tullantılarının basdırılması üçün ərazi seçimindən imtina edib

Türkiyə gələn ildən “Akkuyu” AES-də istehsal olunan elektrik enerjisindən istifadə etməyə başlayacaq

Qızılın qiyməti 4500 dollara yüksələ bilər – Proqnoz

Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksinə ICESCO tərəfindən xüsusi sertifikat verilib

Nasser David Xalili: Mədəniyyət bəşəriyyətin ən böyük sülh elçilərindən biri ola bilər

Azərbaycanın gənclər və idman naziri Hindistanda COP10 Bürosunun iclasına sədrlik edib

İsveçin media orqanları süni intellektdən istifadəyə nəzarəti gücləndirir

BMT-nin Terrorçuluqla Mübarizə İdarəsi Azərbaycanda təmsilçiliyi genişləndirir

Siyəzəndə tanışını öldürərək onun evindən pul və qiymətli əşyalar götürməkdə şübhəli bilinən şəxs tutulub

Azərbaycan güləşçisi Nihat Məmmədli dünya çempionatında gümüş medal qazanıb

Mombasa qubernatoru Suahili Mədəniyyət Kitabxanasının modernləşdirilməsinə görə Azərbaycana təşəkkür edib

Cəlal Qasımov: İnsan kapitalına investisiya iqtisadi inkişafın əsas amillərindəndir

Bakı Prosesi çərçivəsində ilk dəfə beynəlxalq dialoq platformaları arasında əməkdaşlığın gücləndirilməsi müzakirə olunur

Bakıda keçirilən forumda Azərbaycanın mədəni irsin qorunmasına və sülhün təşviqinə töhfələri vurğulanıb YENİLƏNİB

Kiyevə raket zərbələri nəticəsində mülki infrastruktura ziyan dəyib - AZƏRTAC-ın hadisə yerindən REPORTAJI VİDEO

Kiyevə raket zərbələri nəticəsində mülki infrastruktura ziyan dəyib - AZƏRTAC-ın hadisə yerindən REPORTAJI VİDEO

Еrnur Rısmaqambetov: Trans-Xəzər dəhlizi biznes və yaradıcı layihələr üçün də imkan yaradır – MÜSAHİBƏ VİDEO

Еrnur Rısmaqambetov: Trans-Xəzər dəhlizi biznes və yaradıcı layihələr üçün də imkan yaradır – MÜSAHİBƏ VİDEO

Nazir müavini: Bizi davamlı sülh naminə bir araya gətirə biləcək yeganə anlayış mədəniyyətdir

Yalçın Rəfiyev: Siyasi baxışlar baxımından dünyada müxtəliflik getdikcə artır

Xivədə “Oydin Gurunglar – 2026” Beynəlxalq Yaradıcılıq Forumu başa çatıb

Tarixçi-alim: Alban abidələrinin tarixi izləri işğal dövründə təhrif edilib

Aktotı Raimkulova: Türk dünyası üçün mühüm məsələlərdən biri ortaq mədəni irsin qorunub saxlanılmasıdır

İşğaldan azad edilmiş ərazilərdə mədəni irsin bərpasına fərqli yanaşmalar tətbiq olunur

BMT rəsmisi: Sülh insanın Yer üzündə yaşamasının məqsədini anlamağa kömək edir

Hikmət Quliyev: Folklor mədəniyyətlərarası anlaşmanın güclənməsində mühüm rol oynayır

Şahin Mustafayev: Xəzəryanı dövlətlər öz aralarında əməkdaşlığı gücləndirməlidir VİDEO

Azərbaycanın mesajı: suverenlik, milli iradə və ikili standartlara qarşı prinsipial mövqe ŞƏRH

Nazir müavini: Azərbaycanın əsas tərəfdaşları ilə əməkdaşlığında təhsil yeni ölçüyə çevrilməkdədir

AQTA sədri Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

BDU təhsil krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir

Professor: İdeoloji dayanıqlılıq və milli maraqların qorunması dövlət siyasətinin əsas istiqamətləridir

® “Quba Palace Hotel” və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb

Jordi Xucla: Avropa Şurasının Azərbaycana ehtiyacı Azərbaycanın Şuraya ehtiyacından qat-qat çoxdur

Salyanda ailə üzvlərinə bıçaqla xəsarətlər yetirməkdə və onlardan birini öldürməkdə şübhəli bilinən şəxs tutulub

Rusiya dizel yanacağı daşıyan dördüncü tankeri yola salmağı planlaşdırır

Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdə əməkdaşlıq məsələləri müzakirə olunub

Vladimir Putin: Təbii qaza qlobal tələbat ildə 5,5 trilyon kubmetrə qədər arta bilər

AQEM rəsmisi : Azərbaycanın sədrliyi dövründə insan amilinə xüsusi diqqət yetirilib

Gəncədə fiziki məhdudiyyətli şəxslərin əl işlərindən ibarət satış-sərgi keçirilib

Belçika atom elektrik stansiyalarını milliləşdirməyə hazırlaşır

Denis Trefilov: Süni intellekt humanitar sahədə əməkdaşlıq üçün yeni imkanlar açır

Professor İlham Məmmədzadə süni intellektin fəlsəfi aspektlərə təsirindən danışıb

Dünyəvilik və İslam dəyərlərinin vəhdəti Azərbaycanın qlobal körpü rolunu gücləndirir - ŞƏRH

UNESCO üzrə Macarıstan Milli Komissiyasının prezidenti: Süni intellekt insan yaradıcılığını heç vaxt əvəz edə bilməz

Vəkillər probasiya qeydiyyatında olan daha 18 məhkuma hüquqi yardım göstəriblər