Prezident İlham Əliyevin rəhbərliyi ilə müdafiə sənayesinin inkişafı sahəsində böyük uğurlar qazanılıb
Bakı, 25 iyun, AZƏRTAC
Müasir müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra məhz onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi geniş vüsət aldı. Belə ki, Ulu Öndərin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradıldı. O zaman bu qərarı vermək böyük cəsarət tələb edirdi. Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına ovaxtkı SSRİ rəhbərliyi laqeyd yanaşa bilməzdi. Həmin dövrdə bir-birinin ardınca Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışsa da, Ümummilli Liderin mahir diplomatiyası və uzaqgörən siyasəti bu cəhdlərin qarşısını aldı. Həmin məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxardı.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov söyləyib.
Deputat qeyd edib ki, 1993-cü ilin yayında Ümummilli Lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində də mühüm addımlar atıldı. Həyata keçirilən siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara başlandı. 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. Azərbaycan hərbçiləri NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yeniliklərə yiyələndi. Beləliklə, NATO standartlarına uyğunlaşdırılan Azərbaycan Ordusu modern orduya çevrildi. Son illər ərzində Silahlı Qüvvələrin maddi-texniki təchizatı yenilənib, müasir infrastruktur yaradılıb, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb.
“Prezident İlham Əliyevin rəhbərliyi ilə müdafiə sənayesi sahəsindəki inkişaf ayrıca qeyd edilməlidir. Azərbaycanda son illərdə formalaşan və sürətlə inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Güclü və yenilməz Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində hərb tarixinin yeni və şanlı salnaməsini yazdı. Rəşadətli Ordumuzun şücaəti, Vətən torpaqları uğrunda apardığı ölüm-dirim savaşı sayəsində ərazi bütövlüyümüz bərpa olundu, haqq, ədalət öz yerini tapdı. Qürurla qeyd edirik ki, Azərbaycan Ordusu bu gün dünyanın 50 ən güclü ordusu sırasında yer alıb. Vətən müharibəsi Ordumuzun gücünü dünyaya bir daha nümayiş etdirdi. Qüdrətli dövlətimiz, ordumuz və xalqımız bütün dünyaya bizim müzəffər və yenilməz xalq olduğumuzu göstərdi.