Prezident İlham Əliyevin Tacikistana səfəri məhsuldarlığı ilə seçildi – Politoloq rəyi
Bakı, 8 aprel, AZƏRTAC
Azərbaycan və Tacikistan arasında münasibətlər hazırkı beynəlxalq proseslər fonunda maraqlı görünür. Ermənistanın yer aldığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan və Mərkəzi Asiya dövlətləri içərisində İran İslam Respublikası ilə daha sıx münasibətlərə malik olan Tacikistan xarici siyasət vektorumuzda özünəməxsus yer tutur. Prezident İlham Əliyevin Tacikistana səfəri məhsuldarlığı ilə seçildi. Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə keçirilən görüşlərdə səsləndirilən fikirlər, verilən bəyanatlar, imzalanan dövlətlərarası sazişlər onu deməyə əsas verir ki, iki ölkə arasında əməkdaşlığın yeni mərhələsinin əsası qoyulur. Səfər zamanı dahi Azərbaycan şairi Nizami Gəncəvinin xatirəsinin ehtiramla yad edilməsi onu fars, İran şairi adlandıran bəzilərinin görmək və eşitmək istəmədikləri hallardan idi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri politoloq Zaur Məmmədov söyləyib.
Z.Məmmədov deyib: "Nəzərə alınmalıdır ki, bu gün xarici siyasətində ifrat antitürk ideologiyasını əsas götürən İran İslam Respublikası Tacikistan müstəqillik qazanar-qazanmaz daxili işlərinə müdaxilə etməyə cəhd etmiş, Düşənbədən Daşkəndə, Bakıya, Bişkekə qarşı istifadə etməyə çalışıb. Lakin Tacikistan lideri E.Rəhmonun siyasi ayıqlığı, onun milli ideoloji siyasətdə incəliklərə rasional şəkildə yanaşması ona gətirib çıxartdı ki, qonşu Əfqanıstandan fərqli olaraq Tacikistanda sabitlik və davamlı inkişaf bərqərar oldu. Bu səfər bir daha onu göstərdi ki, beynəlxalq arenada, o cümlədən erməni məsələsində Düşənbə Azərbaycanın maraqlarını nəzərə alacaq dövlətlər siyahısında yer tutacaq".
Politoloq əlavə edib ki, KTMT-də heç bir nüfuzu olmayan Ermənistan beləcə təklənməyə davam edəcək. Burada, xüsusilə nəzərə alınmalıdır ki, hazırda təşkilata üzv ölkələrin hərbçilərinin Qərbi Zəngəzur bölgəsində yerləşdirilməsi ilə bağlı tərəflər arasında müzakirələr getməkdədir.
Beləliklə, Azərbaycan lideri Mərkəzi Asiyanın fars və türk sivilizasiyalarını özündə birləşdirən Tacikistanda məhsuldar görüşlər keçirərək Düşənbəni böyük Turan coğrafiyası ilə bağlayaraq bu xətdə də məqsədlərinə çatmış oldu.