PREZİDENTİN SON MƏNZİLİNİ ZİYARƏT EDƏNLƏRİN ARDI-ARASI KƏSİLMİR
Cərrah-uroloq, Həkimləri Təkmilləşdirmə İnstitutu nevrologiya kafedrasının əməkdaşı, Azərbaycan Yazıçılar Birliyinin üzvü GÖVHƏR ƏNTİQƏ-ƏLİYEVA xiyabandan uzaqlaşmasına baxmayaraq, hələ də göz yaşlarını saxlaya bilmir. Yanındakı qızcığaz da hüznlüdür. AZƏRTAC-ın müxbiri öyrənir ki, Gövhər xanımın iki övladı var. Birinin adı İlham, digərinin adı isə Sevildir. “Onları Heydər Əliyev şəxsiyyətinə, onun övladlarına hörmət əlaməti olaraq “İlham” və “Sevil” adlandırmışıq, - deyir. - Bu gün də bizi buraya Heydər Əliyevə olan məhəbbətimiz gətirib. Onun Azərbaycan, xalqımız qarşısında xidmətləri misilsizdir, saymaqla qurtarmaz. Həm dövlət təhlükəsizliyi orqanlaırnda çalışdığı dövrdə, həm respublikaya rəhbərlik etdiyi 70-ci illərdə, həm də ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra onun xalqımız, dövlətçiliyimiz naminə gördüyü işlərin qiymətini tarix özü verəcəkdir. Bu cəsarətli insan Azərbaycan dövlətçiliyini qoruyub saxlamaq və möhkəmləndirmək üçün öz həyatını təhlükəyə belə atmaqdan çəkinmirdi. Ötən əsrin 90-cı illərinin əvvəlləri yaxşı yadımızdadır.
Dahi rəhbərimiz çox nəhəng işlər başlamışdı, hələ irəlidə çox işlər görəcəkdi. Təəssüf ki, həyatın amansız qanunları var; əcəl imkan vermədi ki, başladığı işləri yekunlaşdırsın. Ancaq bir təsəllimiz var ki, onun yarımçıq işlərini yadigarı və siyasi varisi İlham Əliyev tamamlayacaqdır. Allah rəhmət eləsin!”
SƏNUBƏR ABDULLAYEVA - Gürcüstanın, Marneuli rayonunun Qızılhacılı kənd sakini: “Bakıya gələn kimi böyük liderimizin məzarını ziyarət etməyi özümə borc bildim. Gürcüstanda yaşayan azərbaycanlıların bu gün orada qalıb ev-eşik sahibi olmaları Heydər Əliyevin müdrikliyinin nəticəsidir. Ötən əsrin 90-cı illərinin əvvəllərində hakimiyyətə gəlmiş gürcü millətçiləri azərbaycanlıları dədə-baba torpaqlarından qovmaq fikrinə düşmüşdülər. O zaman yüzlərlə ailə təzyiqlərə davam gətirməyib Azərbaycana köçdü. Ümummilli liderimiz hakimiyyətə qayıdandan sonra onun yeritdiyi siyasət sayəsində Gürcüstanda bizə münasibət dəyişdi. Sonralar da həmişə onun qayğısını hiss etmişik. Bütün bu yaxşılıqları unutmaq nankorluq olardı. Allah rəhmət eləsin, qəbri nurla dolsun”.
Gənc QULİYEVLƏR AİLƏSİ Sabirabaddan gəlib. Ailənin başçısı YAP rayon təşkilatı sədrinin müavinidir. “Dəfndə iştirak etmişəm, - deyir. - Bu gün də ailəliklə gəlmişik ki, Türk dünyasının böyük oğlunun məzarını ziyarət edək. Heydər Əliyev bizim üçün çox yadigar qoyub gedib. Bu yadigarlardan biri də Yeni Azərbaycan Partiyasıdır. Onun bünövrəsini Heydər Əliyev qoyduğu üçün sarsılmazdır. Ümummilli liderimizin ideyalarını yaşatmaq üçün sıralarımızı daha da sıxlaşdırıb möhkəmləndirəcəyik”.
Ailənin sevinci Sevinc Heydər babasına şer həsr edib. Həyəcanlı olduğu üçün yalnız iki misrasını xatırlayır:
Mərdsən, igidsən sən, Heydər baba,
Heç kimdən qorxmazsan sən, igid baba!
Ziyarətçilər ehtiramla məzarın önündən keçib fikirli-fikirli xiyabandan uzaqlaşırlar. Onlardan yadigar gül dəstələri qalır.