CƏMİYYƏT
Professor: Diabetin yaranmasında ən böyük faktor piylənmə ola bilər
![Professor: Diabetin yaranmasında ən böyük faktor piylənmə ola bilər](/files/2024/1/1200x630/1710893040857146117_1200x630.jpg)
Bakı, 20 mart, AZƏRTAC
Kök insanların, xüsusilə də ailələrində şəkər xəstəsi olanlar diabetlə əlaqədar daha diqqətli olmalıdır.
AZƏRTAC Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə ümumi cərrahiyyə mütəxəssisi, professor Rəcəb Aktimur araşdırma aparıb.
Professor bildirib ki, hazırda sağlamlıq problemlərindən biri olan piylənmə insanlar arasında daha çox yayılıb. Sağlam qidalanma diabetlə yanaşı, piylənmənin də qarşısının alınmasında mühüm rol oynayır. Diabet bədəndə istehsal olunan insulinin səmərəli istifadə oluna bilməməsi səbəbindən qanda yüksək şəkər səviyyəsinə səbəb olan bir xəstəlikdir. Bədəndəki yağ miqdarının artması piylənmə olaraq təyin edilir. Üzləşdiyimiz bu təhlükə daha çox sosial problemə səbəb olur. Bədbəxtlik və özünə olan sevginin itməsi də piylənmə əlaməti sayıla bilər: “Əməliyyat etdiyim xəstələrdə bütün fiziki dəyişikliklərlə yanaşı, ən çox bu iki dəyişikliyə diqqət edirəm. Əgər həyatda məqsədlərimizdən biri xoşbəxt olmaqdırsa, bunu bacara bilmiriksə, özümüzü sevmiriksə, psixoloji problemlər yaşayırıqsa, kökəlmə halları baş verir. Biz buna xüsusi yanaşmalıyıq”.
“Şəkər xəstəliyi ilə piylənmə arasında yaxın əlaqə var. Ailədə şəkər xəstəsi varsa, insan kökəldikcə, bu riskin onda da büruzə verməyinə əmin ola bilər. Çünki insan kökəldikcə diabet riski ilə üzbəüzdür. Apardığımız əməliyyatlar da bunu deməyə əsas verir”, - deyə mütəxəssis əlavə edib.