Professor İsrafil İsrafilov Çingiz Aytmatov mükafatına layiq görülüb
Bakı, 5 may, AZƏRTAC
Teatr rejissoru, teatrşünas, pedaqoq, Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, professor İsrafil İsrafilov Çingiz Aytmatov adına Beynəlxalq mükafata layiq görülüb. Qırğızıstan paytaxtında mükafatın təqdimolunma mərasimi keçirilib.
Professor AZƏRTAC-ın müxbirinə müsahiəsində bu mükafatın onun üçün əhəmiyyətindən danışıb: “Türkdilli Ölkələrin Dövlət Teatrları Direktorlar Şurasının sədri kimi, mən yuxarıda göstərilən teatrların fəaliyyətlərinin inteqrasiyası istiqamətində ardıcıl iş aparıram. Zənnimcə, Çingiz Aytmatov Beynəlxalq mükafatı son bir neçə ildəki fəaliyyətimə verilən qiymətdir”.
O əlavə edib ki, bu cür tədbirlər mədəniyyətlərarası əlaqələrin möhkəmləndirilməsi baxımından çox vacibdir.
“Müxtəlif ölkələrdən və təşkilatlardan bir çox beynəlxalq, o cümlədən fəxri mükafat, medal almışam. Çingiz Aytmatov Beynəlxalq mükafatı müstəsna nailiyyətlərə görə verilir. Sözsüz ki, bu cür mükafatlar respublikamız da daxil olmaqla, türkdilli ölkələr arasında mədəni əlaqələrin daha da inkişafına və yaradıcı inteqrasiyaya töhfə verir” - deyə İ. İsrafilov vurğulayıb.