QAÇQIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN VƏZİYYƏTİ MÜZAKİRƏ OLUNACAQDIR
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri, Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AZƏRTAC-ın müxbirinə demişdir ki, dekabrın 9-da Parisdə Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, Qaçqınlar və Əhali üzrə Komitəsinin iclası keçiriləcəkdir. İclasda Azərbaycan, Gürcüstan və digər ölkələrdəki qaçqın və məcburi köçkünlərin vəziyyətinə dair məsələ müzakirə olunacaqdır. Tədbirdə Milli Məclisin deputatı Bəxtiyar Əliyev iştirak edəcək və müzakirə olunan məsələlərə münasibətini bildirəcəkdir.
Hazırda AŞPA-nın deputatı Tileviç Azərbaycandakı qaçqın və məcburi köçkünlərin vəziyyətinə dair məruzə hazırlayır. Məruzəçi Azərbaycana səfər edib və ölkəmizdəki məcburi köçkünlərin vəziyyəti ilə yaxından tanış olub. Sənəd tam hazır olduqdan sonra komitənin iclaslarından birində geniş müzakirə ediləcəkdir.