Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası Bərdədə müvəqqəti məskunlaşan soydaşlarımıza yardım edib
Bakı, 9 oktyabr, AZƏRTAC
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) üzvləri Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində cəbhə bölgəsindən gələrək Bərdə rayonunda müvəqqəti məskunlaşan soydaşlarımıza dəstək olaraq baş çəkiblər.
AQSİA-dan AZƏRTAC-a bildirilib ki, Bərdə rayonu 8 saylı orta məktəbdə baş tutan görüşdə assosiasiyanın sədri Səkinə Babayeva, təsisçilər Jalə Hacıyeva, Cəmilə Abdullayeva, idarə heyətinin üzvləri Təranə Paşayeva, Sevda Nəcəfova, Ulduzə Xanlarova, Pərvanə İsgəndərova, İlhamə Şirinova, Rüxsarə Axundova, Pərvanə Mustafayeva iştirak ediblər. S.Babayeva bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tezliklə işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad edəcək: “Hər kəsə məlumdur ki, Ermənistan 30 ilə yaxındır Azərbaycan torpaqlarını işğal altında saxlayır və beynəlxalq hüququn bütün tələblərini ayaqlar altına alır. Prezident İlham Əliyev dəfələrlə onlara xəbərdarlıq etsə də, lazımi nəticəni çıxarmadılar. Bu gün Azərbaycan öz doğma yurd-yuvalarının işğaldan azad olunması istiqamətində böyük əzmlə mübarizə aparır. Heç şübhəsiz yaxın günlərdə Qarabağ tamamilə işğaldan azad olunacaq və biz Qələbə bayramını Şuşada qeyd edəcəyik”.
AQSİA-nın sədri Türkiyənin Azərbaycana dəstəyinə toxunaraq bu böyük fədakarlığa görə qardaş dövlətə təşəkkür edib.
Sonra AQSİA tərəfindən aparılan yardımlar soydaşlarımıza paylanılıb.