Qadın sürücü: Sərnişinlərə təhlükəsiz xidmət göstərməyə tam hazıram
Bakı, 24 noyabr, AZƏRTAC
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən keçirilən nəzəri və praktiki təlimlərdə ciddi hazırlıq keçdik, “BakuBus”a işə qəbul olunmaq üçün peşəkar dəstək gördük.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı 15 illik sürücülük təcrübəsi olan Xalidə Səmədova deyib.
Qadınlara göstərilən etimada görə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə və “BakuBus”a minnətdarlığını bildirən X.Səmədova qeyd edib ki, avtobus sürücüsü olmaq onun çoxdankı arzusu olub. X.Səmədova artıq sürücü kimi əmək fəaliyyətinə başladığını və sərnişinlərə təhlükəsiz xidmət göstərməyə tam hazır olduğunu əlavə edib.
“Avtobus idarə etmək hər bir insandan peşəkarlıq tələb edir. Qadın sürücülər üçün təlimlər çox peşəkar səviyyədə təşkil edilmişdi”, - deyən digər qadın sürücü Rəna Cəfərovanın sözlərinə görə, “BakuBus” MMC-nin mütəxəssisləri də öz işini peşəkar səviyyədə yerinə yetirib.
“AYNA rəhbərliyinə də bu layihəni həyata keçirdiyinə görə, minnətdarlığımı bildirirəm. Artıq biz qadınlar sürücülük fəaliyyətinə hazırıq. Bu gündən isə işə başlayırıq. Sərnişinlərə tam təhlükəsiz və mədəni xidmət göstərməyə hazırıq. Bizə dəstək göstərən hər kəsə təşəkkür edirik”, - deyə R.Cəfərova vurğulayıb.