Qahirə Universitetində ulu öndər Heydər Əliyevin ərəb dünyası qarşısında xidmətləri anılıb
Qahirə, 11 dekabr, AZƏRTAC
Azərbaycanın Misirdəki səfirliyi Qahirə Universitetinin iqtisadiyyat və siyasi elmlər fakültəsində ulu öndər Heydər Əliyevin anım gününə həsr olunan “Azərbaycanın bu günü və sabahı” mövzusunda konfrans təşkil edib.
Səfir Şahin Abdullayev konfransda çıxış edərək ümummilli lider Heydər Əliyevin həyatı, siyasi fəaliyyəti ilə bağlı məlumat verib. Ulu öndərin ərəb dünyası qarşısında xidmətlərini yada salan
səfir qeyd edib ki, 1994-cü ildə Heydər Əliyevin Misirə səfəri ölkələrimiz arasında ənənəvi dostluq əlaqələrinin möhkəmlənməsinə yeni təkan verib. Ümumiyyətlə, Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olduğu dövrdə ərəb ölkələri ilə əməkdaşlıq məsələsinə xüsusi diqqət yetirir, Yaxın Şərq probleminin həllinə dəstək verirdi.
Azərbaycanın ötən əsrin 90-cı illərinin əvvəllərində çox çətin vəziyyətdə olduğunu deyən səfir bir tərəfdən Ermənistanın Azərbaycana hərbi təcavüzü, torpaqlarımızın 20 faizinin işğal edilməsi, digər tərəfdən sovet iqtisadi quruluşunun dağılması ilə ölkənin iqtisadi böhran yaşaması və xarici təzyiqlərə məruz qalması barədə məlumat verib. 1993-cü ildə Heydər Əliyevin Azərbaycanı üzləşdiyi böhrandan çıxarmaq üçün xalqın tələbi ilə hakimiyyətə gəldiyini, qısa zamanda dövlətin əsaslarını gücləndirdiyini, siyasi, iqtisadi və sosial islahatlar apardığını diqqətə çatdırıb.
Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, sabiq xarici işlər naziri Məhəmməd Orabi Heydər Əliyevin siyasi fəaliyyətindən söhbət açıb. O, Azərbaycan iqtisadiyyatının dinamik şəkildə inkişaf etdiyini, valyuta ehtiyatlarının 53 milyard dolları keçdiyini, yoxsulluq səviyyəsinin səkkiz il ərzində 49 faizdən 5 faizə endiyini bildirib.
Misirin keçmiş sənaye naziri İbrahim Fovzi Heydər Əliyevin ərəb və müsəlman dünyası ilə əlaqələrinin inkişaf etdirilməsinə xüsusi önəm verdiyini vurğulayıb O, həmçinin qeyd edib ki, Ulu Öndərin siyasi və iqtisadi islahatlar apararaq Azərbaycanın Avropa dövlətləri ilə təmaslarını qurduğunu, beynəlxalq neft və qaz şirkətlərini əməkdaşlığa cəlb etdiyini xatırladıb.
Orta Asiya və Qafqaz məsələləri üzrə mütəxəssis, tanınmış jurnalist və tədqiqatçı Əhməd Tarabek Azərbaycanın Misirdəki səfirliyinin dəstəyi ilə çap olunmuş “Qarabağ Qafqazda sülhün yoludur” adlı kitabından söz açıb, Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallıqları iştirakçıların diqqətinə çatdırıb. O, Heydər Əliyevin siyasi fəaliyyəti nəticəsində Ermənistanla atəşkəsin əldə edildiyini və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin başlandığını vurğulayıb.
Tədbirdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı məqamları, həmçinin Azərbaycanın son illərdə qazandığı nailiyyətləri əks etdirən videoçarxlar nümayiş olunub. Azərbaycan reallıqlarından bəhs edən və səfirliyin dəstəyi ilə çap olunmuş kitablar iştirakçılara və tələbələrə paylanıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə