Qahirədə Sudanda silahlı münaqişənin həlli yolları müzakirə edilib
Bakı, 13 iyul, AZƏRTAC
Qahirədə Sudanla qonşu olan Afrikanın yeddi dövlətinin - Misir, Liviya, Çad, Mərkəzi Afrika, Cənubi Sudan, Efiopiya və Eritreya liderləri, habelə Ərəb Liqasının baş katibi və Afrika İttifaqı Komissiyasının (AUC) sədrinin iştirakı ilə bu ölkədə böyük insan tələfatı və dağıntılara səbəb olan silahlı münaqişənin həlli yolları müzakirə edilib.
AZƏRTAC “Əl Əhram” qəzetinə istinadla xəbər verir ki, Misir Prezidenti Əbdülfəttah əs-Sisi çıxışında Sudanda böhranın bunun regionda, qonşu ölkələrdə və dünyada təhlükəsizlik və sabitliyə təhdid olduğunu bildirib. O vurğulayıb ki, sammit “Afrika İttifaqı və Ərəb Liqası ilə koordinasiyalı şəkildə böhranın həlli üçün səyləri birləşdirmək və qərarlar qəbul etmək məqsədi daşıyır”. Misirin dövlət başçısı bütün əlaqəli tərəflərlə birbaşa əlaqə yaratmaq üçün kommunikasiya mexanizminin yaradılmasına çağırıb.
Sammitdə qeyd olunub ki, Sudan ordusu ilə hərbiləşdirilmiş Çevik Dəstək Qüvvələri (RSF) arasında aprelin 15-də paytaxt Xartumda başlayan döyüşlər kövrək Darfur və Kordofan bölgələrinə yayılıb. Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) məlumatına görə, münaqişə zamanı 1000-dən çox mülki şəxs həlak olub, 700 min nəfər isə didərgin düşüb.
Mərkəzi Afrika Respublikasının Prezidenti Faustin-Arçange Touadera bəyan edib ki, Sudandakı silahlı münaqişə qonşu ölkələrin sabitliyinə təhlükə yaradır və iqtisadi inkişafa mane olur.
Cənubi Sudanın Prezidenti Salva Kiir isə bildirib ki, münaqişə nəticəsində Sudana qonşu ölkələr minlərlə qaçqın axını ilə üzləşib və bu, iqtisadi vəziyyətə mənfi təsir edib. O əlavə edib ki, hazırda prioritet məsələ Sudanda hərtərəfli sülh və siyasi nizamlanmanın müzakirəsi üçün çərçivənin yaradılması olmalı, eyni zamanda, bütövlükdə Afrikada böhranların həlli üçün ayrıca qrup yaradılımalıdır.
Afrika İttifaqı Komissiyasının (AUC) sədri Musa Faki komissiyanın Sudandakı böhranı həll etmək üçün hazırladığı yol xəritəsindən bəhs edib. O bildirib ki, mayın 27-də komissiya “atəşkəs və humanitar yardım, eləcə də hərtərəfli siyasi dialoqun yaradılması kimi mühüm mexanizmləri özündə birləşdirən yol xəritəsi hazırlayıb”. M.Faki əlavə edib ki, bu plan müvafiq ölkələrlə razılaşdırılacaq.