Qarabağın Azərbaycanın tam nəzarətinə keçəcəyi təqdirdə heç bir uydurma “humanitar problem” olmayacaq - ŞƏRH
Bakı, 11 sentyabr, N.Məmmədova, AZƏRTAC
Rusiya Qırmızı Xaç Cəmiyyətinin göndərdiyi humanitar yüklə bağlı vəziyyət erməni tərəfinin bəhs etdiyi “humanitar fəlakətin” tamamilə uydurma hekayə olduğunu və məsələnin tamamilə başqa şəkildə - bu ərazilərin Azərbaycanın nəzarətinə keçməsi ilə həll olunacağını göstərir. Belə olan təqdirdə heç bir uydurma “humanitar problem” olmayacaq.
Bu fikri AZƏRTAC ilə politoloq İlqar Vəlizadə bölüşüb.
Rusiya Qırmızı Xaç Cəmiyyətinin Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməniəsilli sakinlərə göndərdiyi ərzaq dolu yük maşını artıq iki gündür ki, Bərdə şəhərində gözləyir. Separatçıların Ağdam-Xankəndi yolu ilə Rusiya tərəfindən göndərilən yükü qəbul etməyə hazır olduqları ilə bağlı açıqlamalarına baxmayaraq, Əsgəranda yolu bağlayan yerli radikallar Ağdamdan bir dənə də olsun maşını buraxmayacaqlarını bildiriblər.
Erməni tərəfinin Azərbaycan Qırmızı Aypara Cəmiyyəti tərəfindən təşkil olunmuş Azərbaycanın humanitar yükünə olduqca mənfi yanaşdığını və bunu “Azərbaycan çörəyini” yemək niyyətində olmadığı ilə əsaslandırdığını xatırladan ekspert qeyd edib ki, bu halda söhbət artıq “Azərbaycan çörəyindən” deyil, Rusiya Qırmızı Xaç Cəmiyyətinin təşkil etdiyi Rusiya ərzaq yükündən gedir və bütün bu yükün çatdırılması, onun Rusiya sülhməramlılar kontingentinin müvəqqəti məsuliyyət zonasına göndərilməsi prosesini Rusiya sülhməramlıları həyata keçirirlər, Azərbaycan tərəfi isə yalnız logistikanı təqdim edir.
“Görünür erməni tərəfi və xüsusilə separatçılar o qədər uzağa gediblər ki, bu yüklərin, humanitar yardımın artıq Rusiya Federasiyasından gəlməsinə fikir vermirlər. Əgər bu cür etibarsızlıq Rusiyaya qarşı göstərilirsə, o zaman ermənilərə məntiqli bir sual yaranır: “Sizin təhlükəsizliyinizin qorunması” üçün sülhməramlı kontingent gətirildikdə, Rusiyaya qarşı belə bir etibarsızlığınız yox idi? Bütün bu ziddiyyətlər sübut edir ki, məsələ tamamilə uydurulub, siyasiləşdirilib və tamamilə başqa şəkildə - bu ərazilərin Azərbaycanın nəzarətinə keçməsi ilə həll olunmalıdır. Belə olan təqdirdə heç bir uydurma “humanitar problem” olmayacaq və bu yüklər adi məntiqə uyğun - Azərbaycan ərazisi ilə çatdırılacaq”, - deyə agentliyin müsahibi vurğulayıb.