Qarpız və yemiş məhsulları üzrə nəzarət tədbirləri həyata keçirilib
Bakı, 1 avqust, AZƏRTAC
Yay aylarında əhali tərəfindən geniş şəkildə istehlak edilən qarpız və yemiş məhsulları üzrə cari mövsümdə də Azərbaycan Qida Təhlükəsizliyi Agentiyi (AQTA) tərəfindən monitorinqlər həyata keçirilib.
Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində ölkə ərazisində fəaliyyət göstərən satış nöqtələrindən qarpız və yemiş məhsullarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.
Aparılan laborator müayinələr zamanı məhsullarda nitrat və pestisid qalığı səviyyələri yoxlanılıb. Sınaq nəticələrinə əsasən, nümunələrdə uyğunsuzluq aşkar edilməyib.