QAXDA “ŞAHİN” HƏRBİ-İDMAN OYUNU RAYON TURUNUN YARIŞLARI KEÇİRİLMİŞDİR
Qax, 16 mart (AZƏRTAC). Martın 14-15-də Qax şəhərində “Şahin” hərbi-idman oyunlarının rayon turunun yarışları keçirilmişdir.
Gənclər və İdman, Təhsil, Müdafiə nazirliklərinin, habelə Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti (KHVTİC) Respublika Şurasının birgə təşkilatçılığı ilə keçirilən bu yarışlar yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması və hərbi xidmətə hazırlanması məqsədi daşıyır.
Yarışlarda rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərindən təşkil olunmuş 24 komanda mübarizə aparmışdır.
Yarış iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla anmışlar.
Şəhərin mərkəzi meydanında və stadionda keçirilən yarışlarda komandalar sıra hazırlığı, silahın sökülüb-yığılması, hədəfə atəş açma, sanitarların yarışı, maneənin dəf olunması və digər növlər üzrə qüvvələrini sınamışlar. Yekun nəticələrə görə, 4 nömrəli Qax şəhər məktəbinin komandası birinci yerə çıxaraq hərbi-idman oyununun zona turuna vəsiqə qazanmışdır. Şəhərdəki 2 nömrəli və Tasmalı kənd orta məktəblərinin komandaları sonrakı yerləri tutmuşlar.
Qalib komandalar rayon gənclər və idman idarəsinin fəxri fərmanları ilə təltif olunmuşlar.