QAXDA “XOCALI FACİƏSİ GƏNCLƏRİN GÖZÜ İLƏ” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLMİŞDİR
Qax, 24 fevral (AZƏRTAC). Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Qax rayon təşkilatı Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirmişdir.
Tədbir iştirakçıları əvvəlcə YAP rayon təşkilatı qərargahının foyesində “Xocalı əsrimizin faciəsidir” mövzusunda rəsm sərgisinə baxmış, məktəblilərin inşa yazı işləri ilə tanış olmuşlar.
Təşkilatın sədri Nadir Muxtarov Xocalı faciəsinin çoxəsrlik tariximizin ən qanlı səhifələrindən biri olduğunu bildirmiş, bu faciənin daha dərindən öyrənilərək dünya ictimaiyyətinə və gələcək nəsillərə çatdırılmasında gənclərin üzərinə böyük vəzifələr düşdüyünü xüsusi vurğulamışdır.
Tədbirdə YAP rayon təşkilatı idarə heyətinin üzvü Mahir Əfəndi “Xocalı faciəsi gənclərin gözü ilə” mövzusunda məruzə etmişdir. Məruzəçi Xocalı faciəsinin başvermə səbəblərindən, erməni cinayətkarları tərəfindən xalqımıza qarşı törədilən vəhşiliklərdən, faciəyə siyasi-hüquqi qiymətin verilməsində ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətindən danışmışdır.
YAP rayon təşkilatının sədri Nizami Əhmədov və digər natiqlər Xocalı faciəsinin xalqımıza qarşı törədilmiş olduğunu xüsusi vurğulamışlar.
Rayon icra hakimiyyətinin başçısı Telman Quliyev çıxış edərək Xocalı faciəsinin ağrı-acısının xalqımızın qan yaddaşından heç vaxt silinməyəcəyini bildirmiş, gənclərə faciə ilə bağlı həqiqətlərin gələcək nəsillərə, eləcə də dünya ictimaiyyətinə çatdırılması işində daha fəal olmağı tövsiyə etmişdir.
Tədbirin sonunda məktəblilərin ifasında Xocalıya həsr olunmuş şeirlər səslənmişdir.