Qaxda Xocalı faciəsi qurbanlarının xatirəsi anılmışdır
Qax, 24 fevral (AZƏRTAC). Bəşər tarixinin ən qanlı cinayətlərindən olan Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar fevralın 24-də Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının qərargahında elmi-praktiki konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə Şəhidlər xiyabanına gələrək, Vətənimizin azadlığı uğrunda həlak olmuş igid həmvətənlərin məzarları üzərinə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Konfransı rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev açaraq xalqımıza qarşı hər zaman cinayətkar mövqedə dayanan ermənilərin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda həyata keçirdikləri bu amansız qətliamın bəşəriyyətə, insanlığa qarşı törədilmiş ən dəhşətli cinayət olduğunu bildirmişdir. Faciənin səbəbləri və mahiyyəti, həmin dövrdə cəbhədə baş verən qanlı hadisələri bir daha xatırladan natiq, bu amansız soyqırımının acı nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasında, Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilməsində ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətlərini xüsusi vurğulamışdır.
Konfransda rayon icra hakimiyyəti aparatının şöbə müdiri Məhərrəm Məhərrəmovun “Xocalı qətliamı insanlığa qarşı yönəlmiş amansız cinayətdir” mövzusunda məruzəsi dinlənilmişdir. Qeyd olunmuşdur ki, Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir.
Məruzə və çıxışlarda vurğulanmışdır ki, 1992-ci ilin qarlı-şaxtalı fevral gecəsində Azərbaycan xalqı öz taleyinin ən acı və ağır günlərini yaşamışdır. Soyqırımı hadisəsindən artıq 20 il keçməsinə baxmayaraq, bu tarix milli tariximizin ən faciəli səhifəsi kimi daim qan yaddaşımızda qalacaqdır.
Konfransın sonunda Xocalı faciəsinin dəhşətli anlarını əks etdirən sənədli film nümayiş etdirilmişdir.