Qazaxda suvarma mövsümünə ciddi hazırlıq işləri görülür VİDEO
Qazax, 16 fevral, AZƏRTAC
Qazaxda suvarma mövsümünə hazırlıqla əlaqədar arx və kanallarda lildən və kol-kosdan təmizləmə işləri aparılır. İkinci Şıxlı kəndi əhalisinin 910 hektar pay torpaq və həyətyanı sahələrin su təminatının yaxşılaşdırılması üçün İkinci Şıxlı 1-ci pillə nasos stansiyasında və örtülü suvarma şəbəkəsində təmir bərpa işləri isə artıq yekunlaşıb. Prezident İlham Əliyevin Sərəncamına əsasən əhalinin su təminatını yaxşılaşdırmaq üçün 10 ədəd yeni subartezian quyusunun da qazılması nəzərdə tutulub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Dilqəm Şərifov məlumat verib.
O qeyd edib ki, Qazax Suvarma Sistemləri İdarəsi rayonun 18911 hektar kənd təsərrüfatı bitkiləri əkilmiş pay torpaq və həyətyanı sahələrinin suvarma suyu ilə təmin edilməsinə xidmət edir. Bu sahələrin suvarılması üçün baş mənbədən Ağstafaçay, Coğaz çay, İncəsu çay su anbarlarından, Kür və Xram çaylarından su götürülür. Qeyd olunan sahələrin 7100 hektar mexaniki üsulla, yəni nasos stansiyaları, 1181 hektar isə öz axımı ilə açıq kanallar və arxlar vasitəsilə suvarılır. Ümumilikdə rayon ərazisində Suvarma Sistemləri İdarəsinin balansında 850,5 kilometr uzunluğunda kanallar, arxlar boru kəmərləri və qapalı şəbəkələr mövcuddur, bunun 485,6 kilometri açıq arx və kanallardır.
Onun sözlərinə görə, kanalların 67,3 kilometri beton üzlüklü kanallardır. Ötən 5 ildə 1507 kilometr uzunluğunda arx və kanallarda lildən və kol-kosdan təmizləmə işləri aparılıb. Rayon ərazisində hər il yeni əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə örtülü suvarma şəbəkələri çəkilərək istismara verilib.
Ümumilikdə rayon ərazisində 205 subartezian quyusu istismar olunur ki, nəticədə əhalinin suvarma və məişət-kommunal suyuna olan tələbatı ödənilir. Bu barədə danışan D.Şərifov bildirib ki, cari təmir işləri hesabına 55 ədəd hidrotexniki qurğuda, 40 ədəd hidrometrik postda, 11 ədəd nasos stansiyalarında, 4 ədəd mülki və istehsalat binalarında da təmir işləri aparılıb. 2022-ci ilin yaz vegetasiya suvarmasına hazırlıqla əlaqədar arx və kanallarda, nasos stansiyalarında və örtülü suvarma şəbəkələrində cari təmir işləri il ərzində davam etdiriləcək.