Qazaxıstanın Aktau şəhərində 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş mərasim keçirilmişdir
Aktau, 21 yanvar (AZƏRTAC). Azərbaycanın Aktau şəhərindəki baş konsulluğu Məngistay vilayətindəki “Dostluq” Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə 20 Yanvar faciəsinin 21-ci ildönümünə həsr olunmuş mərasim keçirmişdir.
Mərasimdə Aktauda yaşayan Azərbaycan diasporunun üzvləri, digər diasporların rəhbərləri, tanınmış ziyalılar, müharibə və əmək veteranları, KİV-lərin nümayəndələri iştirak etmişlər.
Tədbirdə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Azərbaycanın Aktau şəhərindəki baş konsulu Rəşad Məmmədov ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın qəhrəmanlıq tarixi haqqında məlumat verərək bildirmişdir ki, o gecə sovet imperiyasının azğın qoşun hissələri küçələrə çıxmış dinc adamlara divan tutmuş, uşaqlar, qocalar, qadınlar vəhşicəsinə güllələnmişdir. R.Məmmədov ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətləri və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığı haqqında danışmış, 20 Yanvar faciəsinin günahkarlarını, o cümlədən Mixail Qorbaçovu ittiham etmişdir.
“Dostluq” Mədəniyyət Mərkəzinin sədri, professor Yusif Quliyev 20 Yanvar faciəsinin Azərbaycan xalqının müstəqilliyi uğrunda apardığı mübarizənin ən şərəfli tarixi olduğunu bildirmişdir. İştirakçılar faciə ilə əlaqədar fotostend və kitablardan ibarət sərgi də tanış olmuş, sənədli film nümayiş etdirilmişdir.
Mərasimin sonunda 20 Yanvar şəhidlərinin ruhuna dualar oxunmuş, ehsan verilmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Aktau
######
