“Qazprombank”la energetika sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
Bakı, 30 iyun, AZƏRTAC
Energetika naziri Pərviz Şahbazov “Qazprombank”ın birinci vitse-prezidenti, kapital bazarları blokunun rəhbəri Denis Şulakovun başçılıq etdiyi nümayəndə heyəti ilə videokonfrans formatında görüşüb.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə energetika sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib. Azərbaycanda, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə bərpaolunan enerji potensialı, sektorda davam edən islahatlar, görülən işlər və nəzərdə tutulan planlar, həmçinin bu prosesin özəl sektor üçün yaradacağı imkanlar diqqətə çatdırılıb.
Bank təmsilçiləri tərəfindən isə aşağı karbonlu iqtisadiyyata keçid, bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi və enerji effektivliyi tədbirləri üçün istifadə edilə bilən “yaşıl istiqraz”lar, “yaşıl investisiya”lar və “yaşıl maliyyələşmə” mexanizmləri haqqında məlumat verilib.
Görüşün sonunda müvafiq sahədə müzakirələrin davam etdirilməsi qərara alınıb.