QDİƏT Azərbaycanın sədrliyinin göstərdiyi səyləri və verdiyi töhfələri yüksək qiymətləndirib
Bakı, 18 iyun, AZƏRTAC
Biz hamımız eyni fikirdəyik ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası (QDİƏT PA) təşkilatımızın məqsədlərinin təşviqində hər zaman mühüm rol oynayıb. Mən bu qurumu hətta “QDİƏT PA ailəsi” adlandırıram. Xüsusilə də dostluğun, mehriban qonşuluq münasibətlərinin və dialoqun təşviqi, habelə ümumilikdə Qara Dəniz regionunda əməkdaşlığın parlamentlərarası səviyyədə irəli aparılması sahəsindəki fəaliyyətinizi yüksək qiymətləndiririk.
AZƏRTAC xəbər verir ki, bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Daimi Beynəlxalq Katibliyinin Baş katibi Lazar Komanesku iyunun 18-də Milli Məclisdə keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyasında deyib.
O bildirib ki, regionumuzda və onun hüdudlarından kənarda bir çox çağırışlar və çətinliklər mövcud olmasına baxmayaraq, QDİƏT PA öz fəaliyyətini ardıcıl şəkildə davam etdirir və dayanıqlılığını qoruyub saxlayır. “Bundan əlavə, təşkilatımız bir sıra mühüm və uzaqgörən qərarlar qəbul etməyə müvəffəq olub ki, bu da QDİƏT PA-nın aktuallığını və əhəmiyyətini bir daha təsdiqləyir. Bu nailiyyətlər, əlbəttə ki, hər bir üzv dövlətin verdiyi dəyərli töhfələr sayəsində mümkün olub. Bu kontekstdə xüsusilə cari dövrdə Azərbaycanın sədrliyinin göstərdiyi səyləri və verdiyi töhfələri xüsusi olaraq vurğulamaq və yüksək qiymətləndirmək istərdim”, - deyə Baş katib əlavə edib.
Lazar Komanesku qeyd edib ki, 33 illik fəaliyyəti ərzində QDİƏT bir sıra mühüm sazişlərə imza atıb, çoxsaylı regional təşəbbüslərdə fəal iştirak edib. Enerji, nəqliyyat, təhsil, mədəniyyət, elm, texnologiya, turizm və digər sahələrdə əməkdaşlıq konkret və aydın nəticələr verib. “Aydındır ki, bu gün əməkdaşlığa real alternativ yoxdur. İqtisadi, mədəni və siyasi sahələrdə qarşılıqlı əməkdaşlıq regionun üzləşdiyi çağırış və çətinliklərin öhdəsindən gəlmək üçün olduqca vacib və strateji əhəmiyyət kəsb edir”, - deyə o əlavə edib.