QDİƏT PA-nın Baş katibi: Sülh, barışıq və əməkdaşlığı fəaliyyətlə təşviq etmək vacibdir
Bakı, 18 iyun, AZƏRTAC
Qara Dəniz regionu yalnız iqtisadi əməkdaşlıq və təhlükəsizlik baxımından deyil, həm də mədəniyyətlərin qovuşduğu məkan olaraq çox önəmlidir. Bu region müxtəlif millətlərin, dillərin, dinlərin və mədəniyyətlərin bir arada sülh içində yaşadığı unikal bir coğrafiyadır.
AZƏRTAC xəbər verir ki, bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PA) Baş katibi Asəf Hacıyev QDİƏT PA-nın 65-ci plenar sessiyasının açılış mərasimində deyib.
“Çoxmədəniyyətli və çoxdinli bölgədə yaşadığımız üçün fəxr edirik. Bu müxtəliflik bizim ən qiymətli sərvətlərimizdən biridir. Bu, sadəcə keçmişin mirası deyil, həm də gələcəyin açarıdır. Qara Dəniz regionu Türk mədəniyyətləri, slavyan xalqları, Balkan ölkələri, Cənubi Avropa və Latın mədəniyyətlərinin müxtəlif elementlərini özündə birləşdirən zəngin mədəniyyət palitrasına malikdir.
Məhz bu zəngin mədəni irs üzərində biz gələcəyimizi qura bilərik. Bu irs bizə yalnız kim olduğumuzu xatırlatmır, həm də haraya doğru getdiyimizi müəyyən etməyə yardım edir. Biz bu irsi qorumaqla yanaşı, onu gələcək nəsillərə ötürməyə məsuliyyət daşıyırıq”, - deyə Asəf Hacıyev vurğulayıb.
O bildirib ki, sülh, barışıq və əməkdaşlığı fəaliyyətlə təşviq etmək vacibdir.