QDİƏT PM-in Hüquqi və siyasi məsələlər komitəsinin iclası keçirilib
Bakı, 8 oktyabr, AZƏRTAC
Oktyabrın 8-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Hüquqi və siyasi məsələlər komitəsinin onlayn formatda 56-cı iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, iclasda QDİƏT PM-yə üzv ölkələr - Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Moldova, Albaniya, Bolqarıstan, Yunanıstan, Rumıniya və Ermənistan nümayəndə heyətlərinin üzvləri iştirak ediblər. Ölkəmizi Milli Məclisin deputatları - QDİƏT PM sədrinin müavini, qurumda Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev və üzvü Jalə Əhmədova təmsil ediblər.
İclasda komitənin sədri Mixail Yemelyanov (Rusiya Federasiyası) giriş nitqi ilə çıxış edib.
İştirakçılar əvvəlcə gündəliyi və komitənin bu ilin iyulun 9-da onlayn formatda keçirilmiş 55-ci toplantısının protokolunu təsdiqləyiblər.
Sonra tədbirdə “Pandemiya ilə mübarizədə parlamentlərin rolu - hüquqi və siyasi aspektlər” mövzusunda müzakirələr aparılıb. Məruzəni Bolqarıstan nümayəndə heyətinin üzvü Pavel Xristov təqdim edib. Qeyd olunub ki, məruzə nümayəndə heyətlərinin təqdim etdikləri hesabatlar əsasında hazırlanıb. Bildirilib ki, virusun yayılmağa başladığı andan etibarən bütün ölkələr Ümumdünya Səhiyyə Təşkilatı ilə yaxından əməkdaşlıq edib.
Videokonfransda Türkiyə nümayəndə heyətinin üzvü Əhməd Dəmircan, Rusiya nümayəndəsi Aleksey Kondratenko və Yunanıstan nümayəndəsinin üzvü Simeon Kedikoğlu çıxış ediblər. Toplantı iştirakçıları COVID-19 pandemiyasının siyasi və demokratik proseslərə təsiri, bu sahədə parlamentlərin rolu barədə fikir mübadiləsi aparıblar. Çıxış edənlər koronavirusla mübarizədə həyata keçirilən karantin tədbirləri ilə bağlı təmsil etdikləri ölkələrin təcrübəsi ilə bölüşüblər. Pandemiyanın nəticələri, yaranmış böhran vəziyyətindən çıxış yolları, bu sahədə qarşılıqlı əməkdaşlığının əhəmiyyətindən danışıblar.
Müzakirələrin sonunda mövzu ilə bağlı məruzə və tövsiyə layihələri təsdiqlənib.
Yığıncaqda, həmçinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının fəaliyyətindən bəhs edilib, təşkilati məsələlərə baxılıb. Komitənin sədr müavini Albaniya nümayəndəsinin üzvü Xalid Valteri seçilib.
İclasda QDİƏT-in nümayəndəsi Sergey Qonçarenko qurumun fəaliyyəti haqqında danışıb, 2021-ci ilə dair iş planı barədə məlumat verib. Komitənin növbəti iclasının tarixi, yeri və gündəliyi müəyyənləşdirilib.
Sonra QDİƏT PM-nin baş katibi Asəf Hacıyev Yunanıstan Enerji Siyasəti və İnkişaf Mərkəzinin (KEPA) 2020-ci ildə ağacların əkilməsi ilə bağlı təşəbbüsü barədə komitə üzvlərini məlumatlandırıb.