“Qəbələ” klubu Azərbaycan Premyer Liqasının bürünc medalına sahib olub
Bakı, 20 may, AZƏRTAC
Mayın 20-də futbol üzrə Azərbaycan Premyer Liqasının sonuncu - 36-cı turuna start verilib.
AZƏRTAC xəbər verir ki, turun ilk oyununda Gəncə şəhər stadionunda “Kəpəz” komandası “Qəbələ”ni qəbul edib. Baş hakim Rəhim Həsənovun idarə etdiyi oyunun 76-cı dəqiqəsində “Qəbələ”nin futbolçusu Aleksey Qay fərqlənib. Oyunun sonunadək hesab dəyişməyib və “Qəbələ” minimal hesabla qalib gəlib - 1:0. Bu qələbə ilə “Qəbələ” Premyer Liqanın bürünc medalına sahib olub.
“İnter Arena”da isə “İnter” və “Zirə” komandaları üz-üzə gəlib. Görüşün 69-cu dəqiqəsində “İnter”in futbolçusu Abbas Hüseynov hesabı açıb. Ötən tur gümüş medalları təmin edən “Zirə” görüşdən 0:1 hesablı məğlubiyyətlə ayrılıb. “İnter” isə hesabındakı xalların sayını 59-a çatdıraraq top fərqinə görə dördüncü olub.
Bayıl stadionunda “Rəvan” komandası “Xəzər Lənkəran”ı qəbul edib. Görüşün ikinci dəqiqəsində Lənkəran təmsilçisinin heyətində Bayram Budaqov fərqlənib. Görüşün 66-cı dəqiqəsində İbrahim Qədirzadə komandasının ikinci topunu rəqib qapısından keçirib. Oyunun 76-cı və 82-ci dəqiqələrində “Rəvan”ın futbolçuları Yasin Həmid və Ramazan Abbasov hesabı bərabərləşdiriblər. Beləliklə, görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb. “Rəvan” çempionatı 18 xalla 9-cu, “Xəzər-Lənkəran” isə 15 xalla sonuncu - 10-cu pillədə başa vurub.