REGİONLAR
Qəbələdə şəhid general Polad Həşimovun xatirəsi anılıb
Qəbələ, 15 iyul, Mustafa Dadaşov, AZƏRTAC
İyulun 15-də Qəbələ rayon Mədəniyyət Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun xatirəsinə həsr olunmuş “Şanlı Zəfərə aparan yol” adlı tədbir keçirilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsindən məlumat verilib.
Bildirilib ki, tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, Milli Qəhrəman Polad Həşimovun və ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova çıxış edərək, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən ordu quruculuğu sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərdən bəhs edib, 2020-ci ilin iyul hadisələrinin 44 günlük Vətən müharibəsindəki şanlı Qələbənin qazanılmasında mühüm əhəmiyyəti olduğunu diqqətə çatdırıb.
Çıxış edənlər Milli Qəhrəmanın döyüş yolundan danışıb, öz təəssüratlarını bölüşüblər.
Tədbirdə rayon Mədəniyyət Mərkəzinin əməkdaşlarının hazırladığı Polad Həşimova həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Sonda tədbir iştirakçıları Polad Həşimova həsr olunmuş videoçarxa baxıblar.