Qəbələdə Xocalı soyqırımının 20-ci ildönümü qeyd edilmişdir
Qəbələ, 25 fevral (AZƏRTAC). Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar Qəbələ Rayon İcra Hakimiyyətində tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə rayon ərazisində məskunlaşmış Xocalı şəhərindən olan məcburi köçkünlər, rayon icra hakimiyyətinin məsul işçiləri, idarə və təşkilatların rəhbərləri iştirak etmişlər.
Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev açaraq Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı aktı həyata keçirmişdir. Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca qətlə yetirilmişdir. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirmişdir. Faciə baş verən gecə 1275 dinc sakin girov götürülmüş, onlardan 150 nəfərinin taleyi indi də məlum deyildir.
Diqqətə çatdırılmışdır ki, yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə siyasi-hüquqi qiymət verilmiş, dinc əhalinin kütləvi və amansız qırğın aktı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı ən ağır cinayət kimi qiymətləndirilmişdir. Bu qanlı faciənin əsl mahiyyətini azərbaycanlılara qarşı soyqırımı olduğunu dünya birliyinə çatdırmaq üçün səylərimizi artırmalıyıq.
Tədbirdə rayon icra hakimiyyətinin şöbə müdiri Varis Yaqubov, ictimaiyyətin nümayəndəsi Şirin Şirinov, məcburi köçkünlərdən Əhəd Həsənov, Kamal Məmmədov çıxış edərək xalqımızın məruz qaldığı faciələrin, o cümlədən Xocalı soyqırımının Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində dünya ictimaiyyəti tərəfindən tanınacağına, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında yaxın vaxtlarda sülh yolu ilə öz ədalətli həllini tapacağına əmin olduqlarını bildirmişlər.
Sonda Xocalıda baş verən faciəni əks etdirən videoçarx nümayiş olunmuşdur. Elə həmin gün YAP Qəbələ rayon təşkilatında da Xocalı soyqırımının 20 illiyi ilə əlaqədar tədbir keçirilmişdir.
Bundan əlavə, soyqırımına həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş etdirilmiş, rəsm sərgisi təşkil olunmuşdur.