Qəbələnin dağ çaylarında sel təhlükəsinə qarşı tədbirlər gücləndirilir VİDEO
Qəbələ, 20 noyabr, Rasim İslamoğlu, AZƏRTAC
Ölkəmizin iri turizm və aqrar rayonlarından olan Qəbələdən müxtəlif istiqamətlərdə axan beş iri dağ çayı təhlükəli sel suları ilə seçilir. Onlardan ən təhlükəlisi isə zaman-zaman həm yaşayış məntəqələrinə, həm də təsərrüfatlara ciddi ziyan vuran Qaraçaydır. Çayın sahili boyunca bir neçə kənd yerləşir ki, həmin yaşayış məntəqələrindən biri də Tikanlıdır.
Ötən yaz-yay mövsümündə və payızın ilk günlərində yağan güclü leysanlar Tikanlı kəndi üçün sel riskini daha da artırıb. Sakinlər bildirirlər ki, çayda aparılan məcratənzimləmə işləri nəticə vermir, vəziyyətin stabilləşməsi üçün mütləq beton bəndlərin tikintisinə ehtiyac var.
Kənd sakinlərinin müşayiəti ilə Qaraçayın mənbəyinə doğru irəlilədik. Sel sularının məhz bu yüksəkliklərdən kəndə düşməsi ehtimalı böyükdür və təsərrüfatların təhlükə altında qalmasına səbəb ola bilər. Sakinlərin sözlərinə görə, bir neçə il əvvəl çay sahilində inşa olunan beton bənd sonuncu sel axınlarından sonra demək olar ki, görünməz hala düşüb. Meliorasiya işçiləri ərazini təmizləsələr də, təhlükə tam aradan qalxmayıb.
Güclü yağışlardan sonra çaylara o qədər qum, çınqıl, lil və daş kütləsi gəlir ki, bəzən çayın səviyyəsi kənddən bir neçə metr yüksəklikdə dayanır. Bu isə təkcə Tikanlıya deyil, Uludaş, Abrıx, Mıxlıqovaq və digər yaxın yaşayış məntəqələrinə də ciddi təhlükə yaradır. Sakinlər müvafiq qurumlardan məsələyə biganə qalmamağı və gələn il çayın təhlükəli hissələrində yeni beton bəndlərin inşasına dəstək göstərilməsini xahiş edirlər.
Qəbələ Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin baş mühəndisi Yüksəl Nurməmmədov bildirib ki, digər dağ çaylarında olduğu kimi, Qaraçayda da plana uyğun olaraq məcratənzimləmə işləri mütəmadi aparılır: “Lakin güclü yağışlar qum-çınqıl və lil qatının artmasına səbəb olur ki, bu da yaşayış məntəqələrinin selbasma təhlükəsini artırır. Bu il Qaraçayın ərazisində üç böyük texnika vasitəsilə məcratənzimləmə işləri aparmışıq. Hazırda Tikanlı-Qaraçayın Dovşan deyilən ərazisində tərəfimizdən məcratənzimlənmə işləri davam etdirilir”. Baş mühəndis əlavə edir ki, sakinləri narahat edən təhlükə ilə əlaqədar baş idarə qarşısında məsələ qaldırılıb. Belə ki, Qaraçayın təhlükəli yerlərinə baxış keçirilib və sel təhlükəsinin qarşısının alınması məqsədilə 400 poqonometr məsafədə daş beton bəndlərin vurulması ilə bağlı məsələ qaldırılıb. Rayon ərazisindən axan digər çaylarda da işlər davam etdirilir. Ümumilikdə ilin əvvəlindən indiyə kimi 322 min kubmetr məcratənzimləmə işlər görülüb, 63 kubmetr qabion bəndlər inşa olunub. Bununla yanaşı, Dəmiraparan çayda 260 kubmetr cari təmir hesabına daş beton bəndin tikintisi başa çatdırılıb. Hazırda Həmzəlli çayı ərazisində 100 poqonometr məsafədə əsaslı təmir hesabına daş beton bəndin tikintisi davam etdirilir. İdarə əməkdaşları Bum və Vəndam çaylarında da il ərzində sel-sulara qarşı məcratənzimləmə işləri həyata keçirib, torpaq bəndlərlə sahillər bərkidilib, 261 min kubmetr suvarma kanalları lildən və kol-kosdan təmizlənərək əhalinin suvarma suyuna olan tələbatı ödənilib.