QƏBƏLƏNİN DAHA 10 KƏNDİNƏ TƏBİİ QAZ VERİLƏCƏKDİR
Qəbələ Rayon Qaz İstismarı İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, payız-qış mövsümünə hazırlıqla əlaqədar tədbirlər planı təsdiqlənmişdir. Yaxın vaxtlarda rayonun daha 10 kəndinə təbii qazın verilməsi nəzərdə tutulur. Hazırda qaz təmizləyici şkaflar, siyirtmələr yağlanır, dəyişdirilir, yararsız qaz xətləri yeniləri ilə əvəz edilir. Həmçinin 2009-2013-cü illərdə Bum, Nic və Vəndam kəndlərinə ilk dəfə qaz xəttinin çəkilməsi planlaşdırılır.
Hazırda rayonun 20 kəndinin sakinləri təbii qazdan istifadə edirlər. Bu ilin əvvəlində rayon mərkəzindən 30-40 kilometr aralıda yerləşən Kürd, Bayramkoxalı və Savalan kəndləri qazlaşdırılmışdır. Bu il daha 11 müəssisə təbii qazdan istifadə etməyə başlamışdır. Hazırda rayonda sayğaclaşmamış abonent qalmamışdır. İstifadə olunmuş təbii qazın dəyəri 90 faiz həcmində yığılır. Buna baxmayaraq, vətəndaşlar tərəfindən sayğaclara müdaxilə halları hələ də mövcuddur və bunun qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.