SİYASƏT
Qənirə Paşayeva: Tovuz rayonuna dəyən ziyan dövlətimizin dəstəyi ilə tezliklə aradan qaldırılacaq
Bakı, 27 iyul, Səadət Hakıyeva, AZƏRTAC
Ermənistan hərbi birləşmələrinin Tovuz rayonu istiqamətində törətdiyi təxribat nəticəsində sərhədboyu kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, bir sıra infrastruktur obyektlərinə (qaz, işıq, rabitə xətləri) xeyli ziyan dəyib, 35 ev yararsız hala düşüb. Dövlətin başçısının hadisəyə operativ reaksiya verməsi və dağıntıların aradan qaldırılması ilə bağlı Sərəncamı Azərbaycan Prezidentinin hər zaman vətəndaşının yanında olduğunu bir daha sübut etdi. Dövlətimizin və onun rəhbəri Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində dəymiş̧ ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər görülməkdədir. Bu da onu göstərir ki, dövlətimiz öz vəzifələrini hər yerdə, hər vaxt və hər cür şərtlər altında icra edir. Müstəqil dövlətimiz ərazi bütövlüyümüz uğrunda vuruşanları, canını fəda edənləri heç̧ vaxt unutmur, onlara və ailələrinə hər zaman həssaslıqla yanaşır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.
Deputat diqqətə çatdırıb ki, dövlətimiz tərəfindən Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan bütün hərbi qulluqçuların ailələrinin qayğıları diqqətdə saxlanılır və həll olunur. Şəhid generalımız Polad Həşimov və şəhid polkovnikimiz İlqar Mirzəyevin ailəsi Prezident İlham Əliyevin tapşırığı əsasında yeni mənzillə təmin olunub. Döyüşlərdə şəhid olmuş 12 hərbçimizin ailəsinin qayğıları Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığı əsasında Heydər Əliyev Fondu tərəfindən diqqətdə saxlanılır.
Qənirə Paşayeva deyib: “Dövlətimiz ölkə ərazisində vətəndaşlarımızın təhlükəsiz yaşamasının qarantıdır. Tovuza, tovuzlulara dəyən zərər tezliklə aradan qaldırılacaq. Vətəndaşlarımızın, qəhrəman hərbçilərimizin arxasında güclü Azərbaycan dövləti dayanır. Fürsətdən istifadə edib, dövlətimizə, Prezident İlham Əliyevə Tovuz seçiciləri adından minnətdarlığımızı çatdırıram”.
Deputat diqqətə çatdırıb ki, Prezidentin Sərəncamı ilə mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın qısa müddətdə qiymətləndirilməsi İqtisadiyyat Nazirliyi və Fövqəladə Hallar Nazirliyinə tapşırılıb və artıq müəyyən tədbirlər həyata keçirilib. Bu məqsədlə İşçi Qrup yaradılıb, mütəxəssislər cəlb edilib, ekspertlər dərhal Tovuz rayonuna ezam olunub. Sərəncamın icrası ilə bağlı Tovuzda təcili tədbirlər davam etdirilir. Kəndlərdə hərbi təcavüzdən zərər çəkmiş dinc əhalinin, onların əmlaklarının, dövlət obyektlərinin vəziyyəti öyrənilir, ekspertlər tərəfindən obyektlərdə ekspertiza işləri aparılır və dəymiş ziyanın qısa müddətdə qiymətləndirilməsi təmin ediləcək. Bununla da, qiymətləndirmə məlumatları əsasında, dinc əhaliyə, yaşayış ərazilərinə, dövlət və bələdiyyə əmlakına, təsərrüfatlara, infrastruktura dəymiş ziyanın aradan qaldırılması ilə bağlı hökumət tərəfindən “Tədbirlər Planı” hazırlanacaq.