Qərb Universitetində “Qanlı 20 Yanvar faciəsi” mövzusunda seminar keçirilmişdir
Bakı, 19 yanvar (AZƏRTAC). Yanvarın 19-da Qərb Universitetində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Qanlı 20 Yanvar faciəsi” mövzusunda seminar keçirilmişdir.
Müstəqilliyimiz və azadlığımız uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Seminarda müəllim və tələbələrin 20 Yanvar faciəsi ilə bağlı məruzələri dinlənilmişdir. Natiqlər qeyd etmişlər ki, bu faciə Azərbaycanın və bütövlükdə türk dünyasının faciəsidir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları Bakıya yeridilərək dinc əhaliyə divan tutmuş, qırğınlar törətmişdir. Həmin gün xalqımız böyük faciə ilə üzləşsə də, özünün Vətənə, torpağa sədaqətini, qəhrəmanlığını, azadlıq, müstəqillik uğrunda mübarizliyini bütün dünyaya sübut etdi. 20 Yanvar faciəsi Azərbaycan xalqının azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmışdır.
Qətliamın şahidləri - professor Qüdrət Əbdülsəlimzadə, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutu direktorunun müavini Cəbi Bəhramov, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Xəlyəddin Xəlilov 21 il əvvəl Bakıda törədilmiş soyqırımı, faciənin mahiyyəti barədə danışmış, xatirələrini bölüşmüşlər.
Mövzu ətrafında diskussiya keçirilmiş, tələbələrin sualları cavablandırılmışdır.
Tədbir çərçivəsində 20 Yanvara həsr olunmuş kitab, fotoşəkil və qəzet materiallarından ibarət sərgi açılmışdır.
Seminarın materialları toplu şəklində çap ediləcəkdir.