SİYASƏT
Qərbi Azərbaycana qayıdışa nə qədər insan inanır? – Sorğu
Bakı, 22 fevral, AZƏRTAC
Prezidenti İlham Əliyevin ötən il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının (QAİ) inzibati binasında Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdə səsləndirdiyi proqram mahiyyətli çıxışı və strateji xəttini əsas götürərək, həmçinin də mövzunun aktuallığını nəzərə alaraq cəmiyyətin bu məsələyə münasibətini öyrənmək məqsədilə Sosial Tədqiqatlar Mərkəzi (STM) ictimai rəy sorğusu keçirib. İctimai rəy sorğusunda respondentlərə “Prezident Qərbi Azərbaycana (İrəvan, Zəngəzur və Göyçə mahalına) qayıdışla bağlı yeni hədəfləri elan etdi. Qərbi Azərbaycana qayıdışın baş tutacağına inanırsınız?” sualı ünvanlanıb və onlara bir neçə cavab variantı seçmək imkanı verilib.
STM-dən AZƏRTAC-a verilən məlumata görə, ümumi nəticələr insanların 74,6 faizinin Qərbi Azərbaycana qayıdışın baş tutacağına inandığını göstərir.
Sorğunun nəticəsini gender aspektinə görə təhlil etdikdə, kişilərin 79 faizi, qadınların isə 71 faizi qayıdışın baş tutacağına inandığını bildirib.
Tarixi Azərbaycan torpaqları olan Qərbi Azərbaycana qayıdış strategiyası çərçivəsində cəmiyyətin milli özünüdərk və soykökünə bağlılıq infoqrafikasını öyrənmək baxımından yaş qrupları mühüm amildir. Sorğuda iştirak edən 18-24 yaş qrupunda olan respondentlərin 84 faizi qayıdışın baş tutacağına inamlarını ifadə ediblər. “
Yaşı 25-34 olan respondentlərin 50 faizi “tam inanıram”, 27 faizi isə “əsasən inanıram” variantını seçib. 35-44 yaş qrupunda olanların isə 74 faizi Qərbi Azərbaycana qayıdışın baş tutacağına inandığını vurğulayıb 45-54 yaşlı insanlarda analoji göstərici 75 faiz təşkil edib. 65 və yuxarı yaş qrupuna aid respondentlərin isə 80 faizi Qərbi Azərbaycana qayıdışın baş tutacağına əmindir.
Qeyd edək ki, sorğu 2023-cü ilin yanvar ayında 18 yaşından yuxarı 384 respondent arasında telefonla müsahibə formasında keçirilib, könüllü iştirak və anonimlik prinsipləri qorunub. Sorğu 12 iqtisadi rayonu əhatə edib və gender balansı təmin edilib. Nəticələrin əminlik intervalı 95 faiz, xəta payı 5 faizə bərabərdir.
Məlumat üçün bildirək ki, Qərbi Azərbaycan İrəvan, Göyçə, Zəngəzur kimi tarixi Azərbaycan torpaqlarında yaşamış və oranı tərk etməyə məcbur edilmiş azərbaycanlıların tarixi torpaqlarıdır. Azərbaycan dövlətçiliyinin varislərindən olan İrəvan xanlığı çox da uzaq tarix deyil.