Qətərdə Azərbaycanın turizm potensialının təqdimatı keçirilib
Bakı, 5 aprel, AZƏRTAC
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası və Körfəz ölkələri arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi və intensivləşdirilməsi məqsədilə Qətərin Doha şəhərinə səfər edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, səfər zamanı Azərbaycanın turizm potensialının təqdimatı keçirilib və bu münasibətlə mətbuat konfransı təşkil edilib. Təqdimatda Azərbaycan turizm imkanları nümayiş olunub, sağlamlıq, ovçuluq, qış turizm növləri ilə bağlı çap məhsulları paylanıb və reklam çarxları göstərilib.
Əbülfəs Qarayev çıxışı zamanı ölkəmizin Körfəz ölkələrindən gələn turistlərin sayının artmasında maraqlı olduğunu qeyd edib.
Tədbirdən sonra Qətərin İslam muzeyi ilə tanışlıq olub, Qacarlara həsr olunmuş sərgi nümayiş edilib.
Həmçinin səfər zamanı, Körfəz ölkələri ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün Doha şəhərində mədəniyyət və turizm sahələrində qarşılıqlı əməkdaşlıq məsələlərinin müzakirə olunması ilə əlaqədar ikitərəfli görüşlər də keçirilib.
Qeyd edək ki, Azərbaycan və Körfəz ölkələri arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə mədəniyyətin və turizmin təbliği, təşviqi nazirliyin həyata keçirdiyi prioritet istiqamətlərdəndir.